Avstraliya hökuməti Yaxın Şərqdə genişlənən münaqişə fonunda İranın hədəf aldığı ölkələri müdafiə etmək üçün kömək istəklərini nəzərdən keçirir, lakin İrana qarşı heç bir hərbi əməliyyatda iştirak etməyəcək.
"Report" xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq televiziyaya verdiyi müsahibədə bildirib.
"Münaqişə tərəfi olmayan bir çox ölkə İranın hücumuna məruz qalıb. Bu məsələdə bizə kömək üçün müraciət edilməsi təbiidir və biz bu müraciətləri diqqətlə nəzərdən keçirəcəyik", - deyə Avstraliya xarici işlər naziri bildirib.
Qeyd olunur ki, ABŞ-ın yaxın müttəfiqi olan Avstraliya əvvəllər münaqişənin daha da şiddətlənməsi halında Yaxın Şərqə qoşun göndərməyəcəyini bildirmişdi.
Avstraliyanın İranın dron və raket hücumlarından ölkələri müdafiə etməyə kömək edə biləcəyi ilə bağlı suala Vonq "hə" cavabını verib.
"Biz artıq qeyd etdiyim mövqeyə uyğun hərəkət edəcəyik: Avstraliya İrana qarşı hücum əməliyyatlarında iştirak etmir və biz quru qüvvələrinin yerləşdirilməsi ilə bağlı heç bir əməliyyatda iştirak etməyəcəyimizi açıq şəkildə bildirmişik", - deyə o əlavə edib.