Naxçıvanda 6159 qadın aktiv fiziki şəxs kimi fəaliyyət göstərir.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib.
Komitə sədri qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında qadınların cəmiyyətin fəal üzvünə çevrilməsi və ictimai həyatda geniş iştirakı üçün dövlət tərəfindən münbit şərait yaradır.
Belə ki, milli və xalq tətbiqi sənətləri sahəsində qadınlar arasında özünüməşğulluğun inkişafı, onların rifahının yaxşılaşdırılması məqsədilə istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışlar təşkil olunur, mədəni-kütləvi tədbirlərdə bu sənət nümunələri nümayiş etdirilir.
Ramilə Seyidova əlavə edib ki, ötən il komitə tərəfindən sosial qayğıya ehtiyacı olan qadınların özünüməşğulluğunun dəstəklənməsi məqsədilə 244 istedadlı şəxs və ailə təsərrüfatçısı qadının əl işlərinin satışına köməklik göstərilib:
"Ümumilikdə 28 304 manat dəyərində 4129 əl işi və istehsal olunan məhsulun satışı həyata keçirilib".