ABŞ Prezidenti Donald Tramp İrana dini liderin rəhbərlik etməsinə qarşı olmadığını bildirib.
"Report" xəbər verir ki, o, bu barədə CNN-ə müsahibəsində deyib.
"Bu, kimin seçiləcəyindən asılıdır. Mən dini liderlərin əleyhinə deyiləm. Mən bir çox dini liderlərlə işləyirəm və onlar çox yaxşıdırlar", - Tramp bildirib.
İranda demokratik quruluşun zəruriliyi ilə bağlı sualı cavablandıran Tramp qeyd edib ki, onun üçün daha vacibi ədalətli və dürüst liderin olmasıdır.
"Mən bunu demək istəyirəm ki, ədalətli və dürüst olan, öz işinin öhdəsindən əla gələn, ABŞ-yə və İsrailə, eləcə də Yaxın Şərqin digər ölkələrinə yaxşı münasibət göstərən lider olmalıdır - onların hamısı bizim tərəfdaşlarımızdır", - o vurğulayıb.
Tramp həmçinin bildirib ki, prezidentliyi dövründə Yaxın Şərq ölkələri ilə münasibətləri yoluna qoymağa nail olub.
"Mən bütün bu ölkələrlə dostlaşdım. Məhz buna görə də onların hamısı bizi dəstəkləyir. Məndən əvvəl ABŞ BƏƏ və Səudiyyə Ərəbistanı ilə heç danışmırdı. Bayden və Obama (ABŞ-nin keçmiş prezidentləri - red.) Səudiyyə Ərəbistanını, BƏƏ-ni və Qətəri saymırdı", - o əlavə edib.