BP şirkətinin qlobal strategiyası neft və qaz hasilatının artırılmasına yönəlib və bu baxımdan Azərbaycan şirkətin strateji planlarına tam uyğun gələn mühüm istiqamət kimi nəzərdən keçirilir.
"Report" xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli bu gün keçirilən mətbuat konfransında bildirib.
"Şirkətimizin qlobal miqyasda strategiyası neft və qaz hasilatının artırılmasından ibarətdir. Biz neft-qaz sahəsində böyümək istəyirik və Azərbaycan bu baxımdan həmin strategiyanın həyata keçirilməsini çox yaxşı dəstəkləyə bilər", - deyə C.Kristofoli bildirib.
O əlavə edib ki, Xəzər dənizi bir region kimi onların strategiyasına tam uyğundur.
"Ona görə də biz çox istəyərdik ki, bundan sonra da ölkə rəhbərliyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə işləyək, yeni imkanları birlikdə müzakirə edib onlara qoşulaq", - regional direktor qeyd edib.
C.Kristofoli əlavə edib ki, hazırda şirkət qaz hasilatı üçün yeni sahələrin müəyyənləşdirilməsi məqsədilə Xəzər dənizində fəal şəkildə seysmik tədqiqatlar aparır: "Bu seysmik tədqiqatlar bizə Xəzərin hansı hissələrində yeni potensial qaz ehtiyatlarının olduğunu tapmağa imkan verəcək".
Onun sözlərinə görə, seysmik tədqiqatlardan sonra geoloji kəşfiyyat işləri aparılır.
"Geoloji kəşfiyyat baxımından bizim artıq mövcud layihələrimiz var. Bunlardan ən əsası "Şəfəq-Asiman"dır. Bilirsiniz ki, ötən il biz orada SOCAR ilə birgə fəaliyyət göstərmişik. Yəni layihəyə birgə şirkət qoşulub və bunun sayəsində biz "Şəfəq-Asiman" layihəsi çərçivəsində daha da gücləndik. Bu layihədə aparmağı planlaşdırdığımız kəşfiyyat işlərinə böyük ümidlə baxırıq", - o qeyd edib.