IMG-LOGO

FAO fevral ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb

06 Mar 2026 17:01 7 baxış
IMG

Bu ilin fevral ayında Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətləri İndeksi orta hesabla 125,3 bənd olub ki, bu da yanvar ayı ilə müqayisədə 0,9 % (1,1 bənd) çoxdur.

"Report" FAO-ya istinadən xəbər verir ki, taxıl, ət və bitki yağlarının bahalaşması süd məhsulları və şəkərdəki qiymət azalmasını üstələyib. Nəticədə, indeks ardıcıl beş aylıq enişdən sonra ilk dəfə yüksəlib. Bununla belə, mövcud göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 bənd (1 %) , 2022-ci ilin martında çatdığı pik nöqtədən isə 34,9 bənd (21,8 %) aşağıdır.

Ötən ay FAO Taxıl Qiymətləri İndeksi 1,1 bənd (1,1 %) artaraq 108,6 bəndə yüksəlib. Bu artımda dünya buğda qiymətlərinin 1,8 % bahalaşması mühüm rol oynayıb ki, buna da Avropa və ABŞ-dəki əlverişsiz hava şəraiti, Rusiyadakı logistik fasilələr və Qara dəniz regionundakı gərginlik təsir göstərib.

Eyni zamanda, arpa kotirovkaları Çinin Avstraliya tədarükünə olan hesabına möhkəmlənib, FAO-nun bütün düyü növləri üzrə qiymət indeksi isə Basmati və Yaponiya sortlarına olan davamlı tələbin dəstəyi ilə 0,4 % artıb.

Bitki yağı sektorunda daha kəskin artım müşahidə olunub. FAO Bitki Yağı Qiymətləri İndeksi aylıq 3,3 % (5,6 bənd) artaraq 2022-ci ilin iyunundan bəri ən yüksək səviyyəyə (174,2 bənd) çatıb. Bu artım palma, soya və raps yağlarının bahalaşması hesabına baş verib ki, bu da günəbaxan yağı kotirovkalarındakı azalmanı kompensasiya edib. Palma yağı istehsalın mövsümi azalması, soya yağı isə ABŞ-nin bioyanacaq siyasəti ilə bağlı gözləntilər fonunda bahalaşıb. Raps yağı Kanada tədarükünə olan güclü tələblə yüksəlsə də, günəbaxan yağı artan ixrac tədarükü hesabına mülayim şəkildə ucuzlaşıb.

FAO Ət Qiymətləri İndeksi fevralda 0,8 % (1 bənd) artaraq 126,2 bənd olub. Bu sahədə ən diqqətçəkən məqam qoyun əti qiymətlərinin Okeaniyadan məhdud ixrac səbəbindən yeni rekord həddə çatmasıdır. Mal əti kotirovkaları Çin və ABŞ-nin güclü satınalma marağı ilə dəstəklənib, donuz və quş əti qiymətlərində isə təklif bolluğu fonunda cüzi artım qeyd edilib.

Əks istiqamətdə isə süd məhsulları və şəkər qiymətləri ucuzlaşmağa davam edib. FAO Süd Məhsulları İndeksi yanvarla müqayisədə 1,2 % (1,4 bənd) azalaraq 119,3 bənd təşkil edib ki, bir il əvvəlki səviyyəsindən isə 28,4 bənd (19,2 %) aşağı deməkdir. Bu da əsasən Avropa İttifaqında süd tədarükünün artması və pendir qiymətlərinin düşməsi ilə bağlıdır.

FAO Şəkər Qiymətləri İndeksi fevralda orta hesabla 86,2 bənd təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 4,1 % ( 3,7 bənd ), bir il əvvəllə müqayisədə isə 27,3 % (32,4 bənd) aşağıdır. Bu, ardıcıl ikinci aylıq eniş və 2020-ci ilin oktyabrından bəri ən aşağı səviyyədir.

Qlobal tədarükün bol olacağı gözləntiləri və ABŞ-da rekord istehsal proqnozu Hindistan və Braziliyadakı istehsal azalmalarından qaynaqlanan qiymət artımı təzyiqini tamamilə kompensasiya edib.

Xəbər lenti