Yeniyetmələr arasında Azərbaycan çempionatının ən yaxşı boksçusu adına layiq görülən Şükar Əliyev bu hadisəni xoş süpriz kimi qarşılayıb.
Bu barədə "Report"a idmançının özü bildirib.
"Neftçi" İdman Klubunun üzvü 75 kq çəki dərəcəsində çempion olduğu yarışı dəyərləndirib:
"Bu turniri təşkil edənlərə öz təşəkkürümü çatıdırıram. Həqiqətən yüksək səviyyədə keçən yarış oldu. Mənim çəkimdə çox güclü boksçular var idi. Lakin mən bütün görüşlərə çox ciddi hazırlaşmışdım. Qarşıma çempionluq hədəfi qoymuşdum. Yarışın ən yaxşı boksçusu seçilmək mənim üçün xoş sürpriz oldu. Bu ad mənə əlavə məsuliyyət verir. öz üzərimdə daha çox çalışmalıyam. Növbəti hədəflərim Azərbaycanı dünya arenalarında layiqli təmsil etməkdir".
Qeyd edək ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 82 komandanın 459 boksçusu qüvvəsini sınayıb.