Bir çox insan köhnə paltar və parçaları düşünmədən atır. Halbuki bu əşyalar məişətdə uzun müddət faydalı ola bilər. Üstəlik, bəzi hallarda köhnə əşyalar mağazadan alınan yeni vasitələrdən daha praktik olur.
Köhnə paltar və parçalarla nə etmək olar?
Lent.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Təmizlik üçün ideal salfetlər
Pambıq, kətan və flanel kimi təbii parçalar tozu və suyu çox yaxşı hopdurur. Köhnə geyimləri kəsərək quru və ya nəm təmizlik üçün salfetlər hazırlamaq mümkündür. Bu parçalar səthləri yaxşı cilalayır, tük buraxmır və ucuz sintetik əski kimi mebeli cızmır.
Təmir və rəngləmə zamanı köməkçi vasitə
Köhnə trikotaj parçalar təmir işlərində əvəzolunmazdır. Onlar boya, həlledici və yapışqanı yaxşı hopdurur. Qarajda və ya emalatxanada saxlanılan belə parçalar alətləri və əlləri tez silmək üçün hər zaman yararlı olur.
Heyvan yatağı üçün doldurucu
Evdə pişik və ya it varsa, köhnə paltarlar onların yatağı üçün doldurucu kimi istifadə edilə bilər. Ev heyvanları sahibinin qoxusu olan əşyaları sevir, bu isə onlara rahatlıq və təhlükəsizlik hissi verir.
Cərəyan və soyuğa qarşı qoruyucu
Köhnə sviter və ya flis geyimləri bükərək pəncərə altına və qapı boşluqlarına yerləşdirmək olar. Bu sadə üsul cərəyanın qarşısını alır və istilik itkisini azaldaraq kommunal xərclərə qənaət etməyə kömək edir.
Bağ və həyət işləri üçün əlcək
Köhnə sviterlərin qollarından isti və rahat əlcəklər hazırlamaq mümkündür. Onlar bağ və bostan işləri üçün əlverişlidir, çirklənsə və ya cırılsa da heyifslənməyə dəyməz.
Mətbəx üçün praktik əski
Yüngül pambıq futbolkalardan əla mətbəx əski hazırlamaq olar. Onlar masa və iş səthlərini yaxşı təmizləyir, kağız dəsmallardan daha səmərəlidir, asan yuyulur və tez quruyur. Üstəlik, birdəfəlik məhsullara pul xərcləməyə ehtiyac qalmır.
Döşəmə silən üçün yumşaq örtük
Trikotaj geyimlərdən çoxistifadəli döşəmə silən örtüyü hazırlamaq olar. Bu örtüklər tozu yaxşı toplayır və təmizlikdən sonra sadəcə paltaryuyan maşında yuyularaq yenidən istifadə edilir.
Mütəxəssislər bildirirlər ki, köhnə əşyaları dərhal atmaq əvəzinə onların alternativ istifadəsini düşünmək həm ailə büdcəsinə, həm də ətraf mühitə müsbət təsir göstərir.
paltar ev