İslamabad Yaxın Şərqdəki böhranın dinc yolla nizamlanmasının tərəfdarıdır və münaqişə tərəflərini danışıqlara qayıtmağa çağırır.
"Report" xəbər verir ki, bu barədə Pakistanın BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhməd BMT Təhlükəsizlik Şurasının ABŞ və İsrailin İrana zərbələri ilə bağlı keçirilən fövqəladə iclasında bəyan edib.
"Pakistan bütün tərəfləri gərginliyi dərhal dayandırmağa və bu böhranın dinc, razılaşdırılmış həllinə nail olmaq məqsədilə təcili diplomatiyanı bərpa etməyə çağırır", - daimi nümayəndə bildirib.
Əhməd vurğulayıb ki, onsuz da gərginliyin hökm sürdüyü regionda tərəflərin hüquq və öhdəliklərinə uyğun olaraq dialoq prinsiplərinə sadiq qalmaq zəruridir.
Diplomatın sözlərinə görə, Pakistan üçün mübahisələrin dinc yollarla həlli prioritetdir və qarşıdurmadan qaçmağı vacib hesab edir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb.