ABŞ Prezidenti Donald Tramp İranla münaqişədən çıxmaq üçün müxtəlif variantlarının olduğunu bəyan edib. Onun sözlərinə görə, münaqişəni uzatmaq və ya bir neçə günə bitirmək mümkündür.
"Report" xəbər verir ki, Amerika Prezidenti bu barədə İsrailin 12-ci kanalına müsahibəsində bildirib.
"Məndə bu münaqişədən çıxmaq üçün çoxlu variant var – mən bunu uzadıb hər şeyi ələ keçirə bilərəm və ya bir neçə günə bitirib iranlılara deyə bilərəm ki, əgər bərpa olunmağa başlasalar, bir neçə ildən sonra yenidən görüşəcəyik. Hər bir halda, bu hücumdan özlərinə gəlmək üçün onlara bir neçə il lazım olacaq", - deyə Vaşinqton administrasiyasının rəhbəri bəyan edib.
Tramp qeyd edib ki, Cenevrədəki danışıqlar zamanı Amerika və İran tərəfləri razılaşmaya yaxın olublar. Lakin sonra "iranlılar geri çəkiliblər". "Beləliklə, mən başa düşdüm ki, onlar, əslində, sövdələşmə istəmirdilər", - deyə ABŞ Prezidenti bildirib.
O əlavə edib ki, əgər ABŞ "Gecəyarı çəkici" əməliyyatı çərçivəsində iyunda İrana hücum etməsəydi, Tehran artıq nüvə silahına sahib olardı.