Nüvə təhlükəsizliyinin təmin edilməsi və gərginliyin daha da artmasına və ya qlobal yayılmama rejiminin sarsılmasına səbəb ola biləcək hər hansı bir hərəkətin qarşısının alınması kritik əhəmiyyət daşıyır.
"Report"un məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin İrandakı vəziyyətlə bağlı birgə bəyanatında deyilir.
Fon der Lyayen və Koşta İrandakı hadisələrin ciddi narahatlığa səbəb olduğunu qeyd edərək regiondakı tərəfdaşlarla sıx əlaqə saxladıqlarını vurğulayıblar.
"Biz regional təhlükəsizliyin və sabitliyin təmin edilməsinə sadiqliyimizi bir daha təsdiqləyirik. Yaxın Şərqdəki Aİ vətəndaşlarını hərtərəfli dəstəklə təmin etmək üçün Aİ-nin üzvü olan dövlətlərlə koordinasiyada bütün zəruri tədbirlər görüləcək", – bəyanatda deyilir.
Bundan başqa, onlar bütün münaqişə tərəflərini maksimum təmkinlilik nümayiş etdirməyə, mülki əhalini qorumağa və beynəlxalq hüquq normalarına ciddi şəkildə riayət etməyə çağırıblar.