IMG-LOGO

Bu cəzaları bilsəniz, internetdə kimisə təhqir etməzsiniz - Vəkildən ŞƏRH

26 Feb 2026 16:09 3 baxış
IMG
5 0

Son günlər sosial şəbəkələrdə tanınmış şəxslər bir-birlərinin ünvanına söylədikləri nalayiq ifadələrlə gündəmə gəlirlər. Etik qaydaların pozulması ilə yanaşı ictimai nüfuzun açıq-aşkar formada alçaldılması, təhqir problemi daha da dərinləşdirir.

Bəs görəsən, ictimai nüfuzu, şərəf və ləyaqəti alçaltmaq, böhtan xarakterli çıxışlar etməyin hansı məsuliyyəti var?

Vəkil Asim Abbasov Lent.az-a açıqlamasında bildirib ki, internetdə təhqir edən şəxsləri 6 ay həbs cəzası gözləyir:

“Son günlər sosial şəbəkələrdə tanınmış şəxslər arasında qarşılıqlı ittihamlar, təhqiramiz ifadələr və böhtan xarakterli paylaşımlara hüquqi müstəvidə aydınlıq gətirmək vacibdir. Çünki bir şəxsin şərəf və ləyaqətinin, eləcə də işgüzar nüfuzunun zədələnməsi sadəcə etik problem deyil, eyni zamanda hüquqi məsuliyyət yaradan əməldir.

Ölkə qanunvericiliyi hər bir şəxsin şərəf və ləyaqət hüququnu qoruyur. Azərbaycan Respublikasının Konstitusiyası açıq şəkildə təsbit edir ki, heç kəsin şərəf və ləyaqəti alçaldıla bilməz və dövlət bu hüququn müdafiəsinə təminat verir. Bu norma cəmiyyətin bütün üzvlərinə, o cümlədən sosial şəbəkə istifadəçilərinə də şamil olunur.

Praktikada daha çox rast gəlinən hallar böhtan və təhqirlə bağlıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, böhtan – yalan olduğunu bilə-bilə şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışda, mediada və ya internet informasiya ehtiyatında yaymaqdır. Bu əmələ görə min manatdan min beş yüz manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər, bir ilədək islah işləri və ya altı ayadək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Əgər şəxs başqa birini ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atarsa, bu halda iki ilədək islah işləri, üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq oluna bilər.

Həmin Məcəllənin 148-ci maddəsinə görə isə təhqir – kütləvi çıxışlarda, mediada və ya internetdə şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmadır. Bu əmələ görə də min manatdan min beş yüz manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər, bir ilədək islah işləri və ya altı ayadək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Cəzanın növü və məbləği konkret işin hallarından, yayılmış məlumatın xarakterindən və vurulmuş zərərin miqyasından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir.

Bununla yanaşı, məsuliyyət yalnız cinayət hüququ ilə məhdudlaşmır. Zərərçəkmiş şəxs mülki qaydada da öz hüquqlarını müdafiə edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vurulduqda həmin məlumatın təkzibi, paylaşımın silinməsi, üzr istənilməsi və mənəvi zərərin ödənilməsi tələb oluna bilər.  

Xüsusilə nəzərə almaq lazımdır ki, sosial şəbəkədə yazılan hər bir fikir hüquqi məsuliyyətdən kənar deyil. İfadə azadlığı fundamental hüquqdur, lakin bu azadlıq başqasının şərəf və ləyaqətini alçaltmaq və ya əsassız ittihamlar irəli sürmək hüququ vermir. İctimai nüfuzu zədələyən paylaşımlar gələcəkdə həm mülki, həm də cinayət məsuliyyətinə gətirib çıxarır. Sosial şəbəkələrdə yazılan hər bir söz hüquqi qiymətləndirmə predmetinə çevrilə və nəticələri gözləniləndən daha ağır ola bilər”.

İnternetdə təhqir böhtan İctimai nüfuzun alçaldılması Vəkil hüquqşünas

Xəbər lenti