Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Türkiyənin ticarət naziri Ömer Bolatla Kaxetidəki üçtərəfli biznes forum çərçivəsində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun xəttinin modernləşdirilməsini və istifadəyə verilməsini müzakirə edib.
"Report" Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, tərəflər ticarət, nəqliyyat və logistika, turizm, energetika və kənd təsərrüfatı sahələrində ikitərəfli əməkdaşlığın səviyyəsini yüksək qiymətləndiriblər.
Ticari-iqtisadi əlaqələrə xüsusi diqqət yetirilib. Qeyd olunub ki, Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biri olaraq qalır və 2025-ci ildə xarici ticarətin həcminə görə birinci yeri tutub.
Bundan başqa, nazirlər mülki aviasiya da daxil olmaqla qarşılıqlı fəaliyyətin digər prioritet istiqamətlərini nəzərdən keçiriblər. Bildirilib ki, 2025-ci ildə hava nəqliyyatında sərnişin axını 14 %-dən çox artıb. Uzun fasilədən sonra Gürcüstan hökumətinin dəstəyi ilə iki ölkənin paytaxtları arasında birbaşa uçuşlar bərpa edilib.
Müzakirələr zamanı Tbilisi və Batumi hava limanlarının operatoru olan "TAV Georgia" şirkəti ilə əməkdaşlığa da toxunub. 2027–2031-ci illərdə şirkət Tbilisi Beynəlxalq Hava Limanının inkişafına 150 milyon dollar investisiya yatırmağı və onun buraxılış qabiliyyətini ildə 10 milyon sərnişinə qədər artırmağı planlaşdırır.
Orta Dəhlizin rəqabət qabiliyyətini artıracaq, əlavə yük axını cəlb edə biləcək iri nəqliyyat-infrastruktur layihələrinə ayrıca diqqət yetirilib. Yaxın gələcəkdə rəsmi qaydada istismara veriləcək və regionun nəqliyyat bağlantısının möhkəmləndirilməsinə mühüm töhfə verəcək BTQ dəmir yolu xəttinin əhəmiyyəti vurğulanıb.
Bundan başqa, nazirlər quru və dəniz yolu ilə daşımalar sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.