Azərbaycanın 18 yaşadək voleybolçu qızlardan ibarət millisinin Avropa çempionatının II təsnifat mərhələsində digər üç komanda kimi iddiası var.
Bu barədə "Report"a yığmanın baş məşqçisi Şahin Çatma açıqlama verib.
Mütəxəssis martın 27-dən 29-dək İspaniyanın ev sahibliyi edəcəyi C qrupunun oyunları ilə bağlı fikirlərini bölüşüb:
"Bu qarşılaşmalara hazırlıq davam edir. Qrupda ev sahibi İspaniya ilə yanaşı, Niderland və Estoniya milliləri yer alır. Bu oyunlarda digər üç komanda kimi bizim də iddiamız var. Yəni, İspaniyaya Azərbaycanı ən yaxşı şəkildə təmsil etmək üçün yollanacağıq".
Ş.Çatma İspaniya və Niderlandın müvafiq yaş qrupundan ibarət kollektivlərinin daha əvvəl Avropa çempionatlarında iştirak etdiyini xatırladıb:
"Xüsusilə İspaniya son dönəmlərdə voleybola böyük sərmayə yatırır. Niderland isə voleybolda uzun illərdir sabit xətti olan komandadır. Estoniya isə daha əvvəl Gürcüstanda qarşılaşdığımız, bizə tanış rəqibdir".
Gənc qızlardan ibarət milli komandaların rəhbəri voleybolçulara və məşqçi heyətinə güvəndiyini sözlərinə əlavə edib:
"Bu turniri mümkün olan ən yaxşı nəticə ilə başa vuraraq Avropa çempionatına vəsiqə qazanmaq ən böyük arzumuzdur".
Qeyd edək ki, U-18 ilk oyununu martın 27-də İspaniyaya qarşı keçirəcək. Növbəti günlərdə isə müvafiq olaraq Niderland və Estoniya ilə üz-üzə gələcək. II təsnifat mərhələsində 20 komanda 5 qrupda yarışacaq və yalnız qrup birinciləri AVRO-2026-nın final mərhələsinə vəsiqə qazanacaqlar.