Azərbaycan, Türkiyə və Gürcüstan yeni mərhələdə daha iri layihələrə imza atacaq
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Türkiyə–Azərbaycan Biznes Şurasının sədri Selçuk Akat ölkənin Kaxeti regionunda keçirilən Azərbaycan–Gürcüstan–Türkiyə Biznes Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Gürcüstan indiyədək Türkiyə ilə Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrində hər zaman tərəfdaş ölkə kimi çıxış edib: "Lakin hazırkı mərhələdə regionun yeni layihələrə və yeni əməkdaşlıq formatlarına ehtiyacı var. Bu baxımdan bugünkü biznes forumu əvvəlkilərlə müqayisədə daha böyük əhəmiyyət daşıyır. Forum artıq yeddinci dəfə təşkil olunur və builki görüş xüsusi əhəmiyyət daşıyır".
S. Akatın sözlərinə görə, Qarabağda sülh sazişinə doğru irəliləyiş regionda yeni iqtisadi imkanlar yaradır və bu mərhələdə üç ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi vacibdir. O qeyd edib ki, 1991-ci ildən etibarən Türkiyə və Azərbaycan bir sıra strateji layihələri uğurla reallaşdırıblar: "O, Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Qars dəmir yolu, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və STAR Neft Emalı Zavodu kimi iri enerji və nəqliyyat layihələrini xatırladaraq bildirib ki, Gürcüstan bu təşəbbüslərdə daim mühüm tərəfdaş olub".
Onun sözlərinə görə, yeni mərhələdə prioritet istiqamətlər logistika və bərpaolunan enerji sahələridir: "Eyni zamanda, Azərbaycanın Qarabağ bölgəsində yenidənqurma işləri də geniş investisiya və əməkdaşlıq imkanları yaradır. Türkiyə və Azərbaycan bundan sonra da Qafqaz regionunda aparıcı rol oynayacaq və yeni strateji layihələrin təşəbbüskarı olacaq".
Qeyd edək ki, biznes forumu çərçivəsində infrastruktur, enerji və logistika sahələrində yeni razılaşmaların əldə olunacağı gözlənilir.