Azərbaycanın xaricə investisiya qoyuluşunda Türkiyə və Gürcüstan əsas istiqamətlər sırasında yer alır.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov qonşu ölkənin Kaxetiya regionunda keçirilən Azərbaycan–Gürcüstan–Türkiyə Biznes Forumunda bildirib.
"Türkiyənin enerji istehsalı bazarına son daxilolma və 870 meqavatlıq elektrik stansiyasının alınması ilə Azərbaycan və Türkiyə arasındakı qarşılıqlı investisiyaların məbləği 21 milyard ABŞ dollarına yaxınlaşıb. Gürcüstana investisiya qoyuluşumuz 3,1 milyard ABŞ dollarından çoxdur. Bu baxımdan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) aparıcı rol oynayır. Üçtərəfli enerji əməkdaşlığı ölkələrin milli inkişafının əsasını təşkil etməklə yanaşı, daha geniş miqyas alan enerji tərəfdaşlığımızın mərkəzində dayanır. Bu gün biz Gürcüstanın, Türkiyənin, eləcə də əsasən qərbdə yerləşən daha 14 ölkənin enerji təhlükəsizliyinə töhfə verməkdən qürur duyuruq. Hazırda Azərbaycan təbii qazını müntəzəm alan ölkələrin sayı 16-dır və onların 10-u Avropa İttifaqına üzvdür. Boru kəmərləri vasitəsilə qaz nəqlinin coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir", - deyə o qeyd edib.
Nazirin sözlərinə görə, birgə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi artıq sadəcə infrastruktur layihəsi deyil, Avropanın enerji təhlükəsizliyinin əsas sütunlarından biridir: "Mənim fikrimcə, Azərbaycan–Gürcüstan–Türkiyə marşrutu artıq Avropanın enerji infrastrukturunun ayrılmaz hissəsi olub. Dünən və bu gün Gürcüstan hökumətinin enerji istehsalı infrastrukturunun modernləşdirilməsi ilə bağlı uzaqgörən və iddialı planları haqqında məlumat almaqdan məmnun oldum. Dəvət olunduğumuz halda, investisiya imkanlarını nəzərdən keçirməyə və Gürcüstanın iqtisadi ekosisteminin təbii hissəsi kimi rolumuzu davam etdirməyə hər zaman hazırıq. İnanıram ki, bu, hər iki xalqın maraqlarına xidmət edir".
M.Cabbarov həmçinin deyib ki, regional bağlantı və tranzit imkanları iqtisadi transformasiyanın əsas hərəkətverici qüvvəsidir: "Enerji dəhlizləri ilə yanaşı, Bakı–Tbilisi–Qars dəmir yolu xətti kimi layihələr regionun iqtisadi xəritəsini dəyişib. Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika tərəfdaşlığımız yeni dinamika qazanır. Xəzərin şərqində yerləşən Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq getdikcə genişlənir. Bu əməkdaşlıq yalnız enerji və nəqliyyatla məhdudlaşmır. Azərbaycan bu gün Xəzər dənizi vasitəsilə Qazaxıstanla fiber-optik infrastrukturla da birləşir. Süni intellekt, məlumat mərkəzləri və hesablama gücünün əlçatanlığı həm iqtisadi məhsuldarlığın artırılması, həm də dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi baxımından region üçün növbəti mühüm mərhələdir".
"Regional bağlantının təbii tərkib hissəsi olan Qars–Naxçıvan dəmir yolu xətti layihəsini xüsusilə vurğulamaq istəyərdim. Layihənin inkişafı üçün birgə işçi qrupu yaradılıb və fəaliyyət planı hazırlanıb. Qars–Iğdır–Aralıq dəmir yolunun tikintisinin başlanmasını da yüksək qiymətləndiririk. Bu xətlərin inteqrasiyası Zəngəzur dəhlizinin – digər adı ilə Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun – reallaşmasına ciddi töhfə verəcək. Bu layihə Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan arasında birbaşa bağlantı yaradacaq və mövcud Azərbaycan–Gürcüstan–Türkiyə əməkdaşlığına əlavə sinerji qazandıracaq. Gürcüstan və Türkiyə ilə ticarət və investisiya əlaqələri tərəfdaşlığımızın əsas sütunları olaraq qalır", - deyə nazir vurğulayıb.