Macarıstan Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskiyə açıq məktub göndərərək "Drujba" neft kəmərinin işinin dərhal bərpa edilməsinə çağırıb.
"Report" xəbər verir ki, bu barədə məktubu o, sosial şəbəkələrdə dərc edib.
"Son günlərdə siz Macarıstanın enerji təchizatı üçün kritik əhəmiyyət daşıyan "Drujba" neft kəmərini bloklamısınız. Sizin addımlarınız Macarıstanın maraqlarına ziddir və ölkə xalqının təhlükəsiz, əlçatan enerji təchizatını təhlükə altına qoyur. Buna görə də sizi Macarıstanın əleyhinə olan siyasətinizi dəyişdirməyə, eləcə də "Drujba" neft kəmərinin işini dərhal bərpa etməyə və Macarıstanın enerji təhlükəsizliyinə qarşı hər hansı sonrakı hücumlardan çəkinməyə təcili çağırıram", - V.Orban qeyd edib.
O, həmçinin Kiyevi Ukrayna ilə Rusiya arasındakı müharibə ilə bağlı Budapeştin mövqeyini qəbul etməyə, eləcə də Macarıstanın daxili işlərinə, xüsusilə 2026-cı ilin aprelində keçirilməsi nəzərdə tutulan ölkədəki parlament seçkilərinə müdaxilə cəhdlərindən çəkinməyə çağırıb.
Macarıstan hökumətinin məlumatına görə, ölkəyə "Drujba" boru kəməri ilə neft 2026-cı il yanvarın 27-dən etibarən daxil olmur.