ABŞ-nin hərbi qurumu kütləvi istehsal üçün 25 özəl şirkət tərəfindən müsabiqəyə təqdim edilmiş kamikadze dronlarının prototiplərinin sınaqlarına başlayıb.
"Report" xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Məlumata görə, sınaqlar ABŞ-nin Corciya ştatındakı Fort-Benninq quru qoşunları bazasında keçirilir.
"Sınaqlar martın əvvəlinə qədər davam edəcək. ABŞ Ukraynadakı müharibədən dərslər çıxarmağa çalışdığı bir vaxtda bu proses kiçik və ucuz dronları, eləcə də onların istehsalçılarını ciddi imtahana çəkəcək", – deyə məqalədə bildirilib.
Sınaqlarda iştirak edən 25 istehsalçıdan birinin – "Red Cat"s Teal Drones" şirkətinin baş direktoru Cef Tompson portala verdiyi açıqlamada bildirib ki, Pentaqon nümayəndələri əsas diqqəti kütləvi istehsalın təşkili imkanlarına ayırırlar.
"Əgər siz onları vaxtında istehsal edib çatdıra bilmirsinizsə və ya iki həftə gecikirsinizsə, oyundan kənarda qalırsınız", – deyə o qeyd edib.
Sınaqlar başa çatdıqdan sonra qalib şirkət prototiplərin tədarükü üçün 150 milyon dollarlıq sifariş alacaq.