IMG-LOGO

KİV: Ukrayna Donbasla bağlı son təklifi rədd edib, danışıqlar dalana dirənib

20 Feb 2026 23:59 3 baxış
IMG

Donbasda demilitarizasiya olunmuş iqtisadi zonanın yaradılması qeyri-real ideyadır. Xüsusilə birgə Ukrayna-Rusiya administrasiyası formatında.

"Report" xəbər verir ki, bu barədə "UNİAN" agentliyi "Kyiv Independent" nəşrinə istinadən yazıb.

Nəşr xatırladıb ki, fevralın 17-18-də Cenevrədə keçirilən danışıqların son raundu zamanı Kiyev və Moskva Donbasdakı demilitarizasiya olunmuş zonanı idarə etmək üçün birgə Rusiya-Ukrayna mülki administrasiyası ideyasını müzakirə edib. Təklif həm Rusiya, həm də Ukrayna qoşunlarının Donbasdan çıxarılmasını nəzərdə tutur.

"Kyiv Independent"in məlumatlı həmsöhbətinin sözlərinə görə, bu qəribə təklifi neytral vasitəçi rolundan "yapışmaqda" davam edən Amerika nümayəndə heyətinin təmsilçiləri irəli sürüblər. Lakin jurnalistlərin danışdığı Ukrayna rəsmiləri nəinki birgə mülki administrasiyanı, hətta Donbasda sadəcə demilitarizasiya olunmuş zonanı belə təsəvvür edə bilmirlər.

Parlamentin Xarici işlər komitəsinə rəhbərlik edən xalq deputatı Aleksandr Merejko qeyd edib ki, bu hər bir halda Ukrayna qoşunlarının Donbasdan çıxarılması demək olacaq.

"Problemin mahiyyəti bundadır. Bu bizim üçün qəbuledilməzdir. Biz Donetsk vilayətinin həmin istehkam sahələrini tərk edib faktiki olaraq təslim edə bilmərik", – deyə o bildirib.

Merejkonun fikrincə, amerikalılar, görünür, Şimali və Cənubi Koreya arasındakı demilitarizasiya olunmuş zonaya bənzər bir şey təsəvvür edirlər. Lakin xalq deputatı xatırladıb ki, Koreya yarımadasındakı bufer zona Ukraynadakı hazırkı cəbhə xəttindən xeyli qısadır.

Merejko hesab edir ki, Amerika təklifinin məntiqi bu və ya digər şəkildə Kremlin tələblərini yerinə yetirməkdən ibarətdir. Sadəcə bu dəfə amerikalılar həmin məqsədi pərdələməyə çalışıblar.

"Buna görə də Ukrayna Donbasın təslim edilməsi ilə bağlı bütün variantları rədd etdiyi üçün sülh danışıqları çıxılmaz vəziyyətə düşüb", - "Kyiv Independent" yazıb.

Xəbər lenti