Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların daha bir raundu fevralda baş tuta bilər.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İsveçrədəki görüşlərdən sonra danışıqlar qrupunun işinin yekunlarını şərh edərkən sosial şəbəkədə bildirib.
"Ümid edirik ki, artıq yaxın vaxtlarda, fevralda, danışıqların daha bir raundunu təşkil etmək mümkün olacaq və onun həqiqətən nəticəli olacağına inanırıq", - o yazıb.
Zelenski Rusiya ilə danışıqların çətinliyini vurğulayıb. O, həmçinin bildirib ki, ABŞ nümayəndələri danışıqların konstruktiv xarakterini təmin etmək üçün mümkün olan hər şeyi edirlər və Ukrayna bu yanaşmanı tam dəstəkləyir.
"Növbəti görüşdə Ukraynanın ən mürəkkəb suallara cavabları artıq hazırdır. Üçtərəfli formatda və ABŞ ilə növbəti görüş üçün danışıqlar komandamızın prioritetləri müəyyən edilib. Komandalar səviyyəsində hələlik tənzimlənməsi mümkün olmayan məsələlərin həlli məqsədilə liderlərin mümkün görüşünün hazırlanması üzrə də işi davam etdiririk. Məhz liderlərin görüşü formatı bir çox cəhətdən həlledici ola bilər və Ukrayna buna hazırdır", - Zelenski qeyd edib.