Almaniya 2026-cı ildə Ukraynaya dəstək göstərməyə davam edəcək və birbaşa hərbi məqsədlərə 11,5 milyard avro yönəldəcək.
"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, ötən həftə Brüsseldə Almaniya Ukrayna üçün əlavə sayda PAC-3 (Patriot Advanced Capability-3) hava hücumundan müdafiə kompleksləri toplamaq təklifi ilə çıxış edib.
"Almaniya artıq çox sayda kompleks təqdim edib, lakin daha beş ədəd əlavə etməyi planlaşdırır. Bir çox ölkə buna qoşulmağa hazır olduğunu bildirib. Biz son təsdiqi gözləyirik", - B.Pistorius bildirib.
O qeyd edib ki, bu planın icra müddətləri həmçinin ABŞ-nin icazələrindən asılıdır.
B.Pistorius əlavə edib ki, Ukraynanın dəstəklənməsi ilə yanaşı, əlbəttə, söhbət Avropanın öz müdafiə qabiliyyətinin daim yaxşılaşdırılmasından da gedir: "Bu məsələdə, digər amillərlə yanaşı, britaniyalı dostlarımız tərəfindən hazırlanmış yeni LEAP təşəbbüsü mühüm rol oynayacaq".