İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "qara mühasibatlıq" sənədlərinin götürülməsi, onların əsasında vergilərin hesablanması və inzibati aktlarda əks olunması ilə bağlı metodoloji sənəd hazırlayaraq təsdiq edib.
"Report" xəbər verir ki, bunu qurumun rəis müavini Samirə Musayeva Bakıda keçirilən "Azərbaycan Hakimlərinin II Forumu"nda bildirib.
"Ümid edirik ki, vergi orqanları ilə bağlı məhkəmə işlərində apardığımız təkmilləşdirmə işlərinin təsiri hiss olunacaq. "Qara mühasibatlıq" bizim üçün ən təhlükəli məqam olsa da, biz məhkəmələrin öz qərarlarında göstərdiyi dəlilləri də yaxından təhlil edirik və başa düşürük ki, "qara mühasibatlıq" sənədlərinin inzibati aktlarda təsvir olunması dəqiq metodologiya ilə tənzimlənməlidir. Digər bir məsələ odur ki, bizdə xüsusi istehsal müəssisələrində vergilər mütəxəssis rəyləri əsasında hesablanır. Biz həmin rəylərin keyfiyyəti ilə bağlı məhkəmədə qaldırılan məsələləri nəzərə alırıq, onları müqavilələrdə ekspertlər qarşısında konkret tələb kimi qoyuruq. Tələbə cavab verməyən ekspert rəylərini səyyar vergi yoxlamaları zamanı hətta əldə etsək də istifadə etməkdən imtina edirik. Yoxlayıcı orqan imtina etməsə belə, yuxarı inzibati orqan bu məsələyə xüsusi diqqət yetirir", - deyə o qeyd edib.
S.Musayev həmçinin təklif edib ki, inzibati məhkəmə icraatı başlanana qədər müraciətə məcburi inzibati şikayət instansiyasında (yəni inzibati orqanda) baxılsın: "Bunun qanunvericilikdə təsbit olunması məhkəmələrdəki iş yükünün azalmasına kömək edə bilər. Məhkəməyə qədər şikayət instansiyasının sübutları toplamaq, dəlilləri dinləmək imkanı var. Bu, həm işin həcmini azaldacaq, həm də gəlib məhkəməyə çıxan işlərdə artıq keyfiyyət artacaq. İddiaçılar daha geniş sübutlarla gələcəklər. Bununla bağlı bir çox ölkələrin təcrübəsi ilə maraqlanmışıq və bu təcrübələrin məhkəmələrdə işlərin keyfiyyətinə müsbət təsirləri barədə də kifayət qədər məlumatlar əldə etmək mümkündür".