IMG-LOGO

Venesiya Komissiyası Serbiyanın yeni məhkəmə qanunlarına rəy verəcək

20 Feb 2026 15:57 2 baxış
IMG

Avropa Şurasının Venesiya Komissiyasının Serbiyanın yeni məhkəmə qanunları ilə bağlı rəyi iyun plenar iclasına təqdim olunacaq.

"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə Komissiya məlumat yayıb.

Bildirilib ki, 2026-cı il 10 fevral tarixli məktubla Serbiya Respublikasının Milli Assambleyasının sədri xanım Ana Brnabiç Komissiyadan Prokurorluq, Ali Prokurorluq Şurası, yüksək texnologiyalar sahəsində cinayətkarlıqla mübarizədə dövlət orqanlarının təşkili və səlahiyyətləri, hakimlər, məhkəmələrin və prokurorluq orqanlarının yerləşdiyi yerlər və ərazi yurisdiksiyası haqqında qanunlarda dəyişiklik və əlavələrlə bağlı təcili rəy istəyib.

Bu əsasda Komissiya rəyin müəyyən edilmiş müddətdə hazırlanacağını və 2026-cı ilin iyun ayında keçiriləcək Venesiya Komissiyasının plenar sessiyasında təsdiq üçün təqdim ediləcəyini bəyan edib.

Xatırladaq ki, bir müddət əvvəl Serbiya parlamenti mübahisəli məhkəmə sistemi qanunları paketini qəbul edib. Yeni və dəyişdirilmiş qanunlar məhkəmələrin və prokurorluq orqanlarının ərazilərini və yurisdiksiyalarını, Prokurorların Ali Şurasını, həmçinin dövlət prokurorlarını və hakimləri əhatə edir.

Məlumata görə, qəbul edilmiş dəyişikliklər faktiki olaraq bəzi prokurorları bu strukturdan kənarlaşdırmaqla Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Prokuraturasının (MCMP) fəaliyyətinə mane olacaq. Qanunlara əsasən, digər prokurorluq orqanlarında müvəqqəti ezamiyyətdə olan prokurorlar müəyyən edilmiş müddət ərzində əvvəlki ezam olunduqları prokurorluqlara qayıtmalı olacaqlar. Bu o deməkdir ki, hazırda cəmi 9 prokuroru olan MCMP ezamiyyətlərdə müvəqqəti işləyən 11 prokuroru itirəcək.

Bu hadisədən sonra Avropa Komissiyası Serbiya rəhbərliyinə sözügedən qanunlar paketinin icrasını dayandırmaqla bağlı çağırış edib və bunun Aİ üzvlüyünə gedən yolda geri addım olduğu vurğulanıb. Eyni zamanda, Aİ tərəfindən Belqrada ayrılmış 1,6 milyard avro məbləğində kredit və qrant paketinin verilişinin dayandırıla biləcəyini açıqlayıb.

Xəbər lenti