2025-ci ilin sonundan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) Rusiya neftinin alışını azaltmağa başlayıb.
"Report" "Fitch Solutions" beynəlxalq analitik şirkətinə istinadən xəbər verir ki, faktiki olaraq Rusiyaya alternativ neft və təbii qaz mənbəyi kimi çıxış edən Azərbaycan sanksiyalara məruz qalmış ölkədən nisbi geosiyasi məsafə saxlamaqdan fayda əldə edib.
"STAR neft emalı zavodu xammal kimi 98 % Rusiya neftindən istifadə edir, bunun 73 %-i ABŞ-nin sanksiya tətbiq etdiyi Rusiyanın "LUKOIL" şirkəti tərəfindən bibaşa tədarük edilir. 2025-ci ilin sonunda STAR zavodu Rusiya neftinin alışını azaltmağa başlamaqla tədricən geosiyasi uzaqlaşma nümayiş etdirib. "Reuters"in mənbələrinin məlumatına görə, zavod alternativ tədarük mənbələri axtarmağa başlayıb və bu yaxınlarda Qazaxıstan, İraq və Rusiya ilə əlaqəli olmayan digər ölkələrdən dörd partiya neft alıb. Bu, Rusiya neftinin STAR-ın əsas xammal bazasını təşkil etdiyi əvvəlki təcrübənin dəyişdiyini göstərir", - hesabatda qeyd olunur.
Xatırladaq ki, 2018-ci il oktyabrın 19-da İzmirdə STAR NEZ-in açılış mərasimi keçirilib. Zavodun təməli 2011-ci il oktyabrın 5-də qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.
Əvvəlcə STAR ildə 10 milyon ton neft emal edirdi, 2021-ci ildə NEZ-in gücü 11 milyon tona çatdırıldı. Bu gün zavod ildə 13,5 milyon ton xam neft emal etmək gücünə malikdir. Müəssisədə "Urals", "Azeri Light" və "Kərkük" kimi neft növlərinin emalı mümkündür. Zavod 1,6 milyon ton nafta, 4,8 milyon ton dizel, eləcə də təyyarə yanacağı, LPG, neft koksu, qarışıq ksilol istehsal etmə gücünə malikdir.