Azərbaycan ekoloji cəhətdən təmiz enerji sənayesinin müasirləşdirilməsinə çalışır və enerji keçidinə əhəmiyyətli vəsait yatırır.
"Report" xəbər verir ki, bunu "The Liberum" nəşri yazıb.
Nəşr Avropa Komissiyasının Şərq Tərəfdaşlığı, Cənubi Qafqaz, Türkiyə və Mərkəzi Asiya çərçivəsində enerji qarşılıqlı əlaqəsinə həsr olunmuş 2026-cı il meta-tədqiqatını təhlil edir. Həmin tədqiqatda vurğulanıb ki, Avropanın gələcək enerji təhlükəsizliyi elektrik enerjisi mənbələrinin qarşılıqlı əlaqəsindən və bərpa olunan enerji bazarlarının inteqrasiyasından daha çox asılıdır.
"Sənəd fəaliyyət planından daha yüksək səviyyəli analitik araşdırma kimi təqdim olunsa da, o, bilavasitə Azərbaycanın eyni zamanda Avropanın enerji təhlükəsizliyinə və onun karbonsuzlaşma üzrə uzunmüddətli hədəflərinə nail olunmasına töhfə verə biləcək azsaylı regional oyunçulardan biri kimi rolunu vurğulayır", - "The Liberum" qeyd edib.
Nəşr bu kontekstdə Azərbaycanın dəyişən rolunu da vurğulayıb və qeyd edib ki, ölkə Avropa İttifaqına (Aİ) birbaşa elektrik enerjisi ixracatçısı olmasa da, Brüsseldə strateji əhəmiyyətli hesab edilən regional enerji ekosisteminə getdikcə daha fəal şəkildə inteqrasiya edir.
"Bu konsepsiyanın (regional ekosistemə inteqrasiya) mərkəzində Cənubi Qafqazı Cənub-Şərqi Avropa ilə birləşdirən Qara dəniz sualtı kabel layihəsi dayanır. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın birgə hazırladığı 1 155 kilometr uzunluğundakı kabel Qara dəniz vasitəsilə 1 300 meqavata qədər bərpa olunan elektrik enerjisi ötürəcək. 2025-ci ilin dekabrında layihə Aİ-nin qarşılıqlı maraq kəsb edən layihəsi statusu alıb, bu da maliyyələşməyə çıxışı və normativ dəstəyi gücləndirəcək, tikintinin başa çatdırılması isə 2032-ci ilə planlaşdırılır", - "The Liberum" qeyd edib.
Bundan əlavə, nəşr Azərbaycanın Naxçıvan istiqamətində elektrik enerjisi infrastrukturuna, xüsusən də Qara dəniz üzərindən keçən enerji dəhlizi marşrutunu tamamlayan formalaşmaqda olan Zəngəzur enerji dəhlizinə yatırdığı investisiyalara xüsusi diqqət yetirir.
"Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa elektrik enerjisi əlaqəsini bərpa edərək və bu xətti Türkiyəyə tərəf uzadaraq, Bakı sistemin ehtiyat saxlamasını və dayanıqlığını gücləndirən Cənubi Qafqaz - Türkiyə - Avropa fasiləsiz elektrik enerjisi oxunun təməlini qoyur", - məqalədə bildirilib.
Nəşr xatırladıb ki, Naxçıvanı Azərbaycanın vahid elektrik enerjisi sisteminə inteqrasiya etmək üçün nəzərdə tutulan yüksək gərginlikli Zəngəzur elektrik ötürmə xəttinin tikintisinə artıq başlanılıb. Növbəti mərhələdə Naxçıvandan Türkiyəyə 400 kV gərginlikli elektrik ötürmə xəttinin tikintisi planlaşdırılır, bu da Azərbaycanın enerji sistemini Avropa texniki standartlarına daha çox uyğunlaşdırmağa imkan verəcək.
"Enerji təchizatı sahəsindəki bu ambisiyalar Azərbaycanın bərpa olunan enerji mənbələrinin mənimsənilməsi istiqamətində sürətli irəliləyişi ilə dəstəklənir. 2026-cı ilin yanvarında Cənubi Qafqazın ən böyük külək enerjisi obyekti olan Xızı-Abşeron külək elektrik stansiyasının rəsmi açılışı əlamətdar hadisə olub", - materialda bildirilib.
Müəllif həmçinin qeyd edib ki, Azərbaycanın Gürcüstan, Türkiyə və Bolqarıstanla bərpa olunan elektrik enerjisi ticarəti üzrə çoxtərəfli memorandumlarda iştirakı daha dərin bazar inteqrasiyası istiqamətində tədricən irəliləyişi əks etdirir.
Materialda həm də Azərbaycan, Qazaxıstan və Özbəkistanın "Mərkəzi Asiya-Azərbaycan" yaşıl enerji dəhlizinin inkişafı üzrə birgə layihəsindən və Xəzər regionunda, eləcə də bütün MDB məkanında ən böyük stansiya olan Qaradağ Günəş Elektrik Stansiyasının işə salınmasından bəhs edilir.
"Ümumilikdə, Avropa Komissiyasının 2026-cı il üzrə meta-tədqiqatı və Azərbaycanın 2026-cı ilin əvvəlinə qədər olan enerji trayektoriyası tamamilə eyni hekayədən bəhs edir. Azərbaycana artıq yalnız karbohidrogen təchizatçısı kimi baxılmır və o, ekoloji təmiz enerjinin tamhüquqlu ixracatçısı kimi təsvir edilmir. Bunun əvəzinə o, qaz təchizatının etibarlılığını, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini və ikitərəfli elektrik enerjisi əlaqəsini birləşdirərək strateji əhəmiyyətli aralıq mövqe tutur", - nəşr yazıb.