IMG-LOGO

Qarabağdan başlayan "ağıllı" transformasiya: IoT-un Azərbaycan modeli - TƏHLİL

11 Feb 2026 16:28 4 baxış
IMG

Bu gün rəqəmsal transformasiya sadəcə dəbdə olan anlayış deyil, biznes üçün real rəqabət üstünlüyü yaradan çoxşaxəli prosesdir. Bu keçidin mərkəzində isə texnologiyalar dayanır. Gündəlik əməliyyatların optimallaşdırılmasından tutmuş qərarların daha sürətli və dəqiq qəbuluna qədər bütün mərhələlərdə texnologiya səmərəliliyi artırır, vaxt və resurs itkisini azaldır.

Müasir həllər sayəsində şirkətlər real vaxt rejimində məlumat əldə edir, prosesləri dərhal izləyir və nəticələrə operativ reaksiya verə bilirlər. Bu isə dəyişən bazar şərtlərinə uyğunlaşmanı asanlaşdırır və çevik idarəetməni mümkün edir.

Bu transformasiyanın əsas alətlərindən biri Əşyaların İnterneti - IoT texnologiyasıdır. IoT internetə qoşulan, məlumat toplayan və mübadilə edən, ətraf mühitlə qarşılıqlı əlaqədə olan sensor və proqram təminatı ilə təchiz edilmiş cihazlar şəbəkəsidir. Bu cihazlar sadə "ağıllı ev" termostatlarından və saatlardan başlayaraq iri sənaye avadanlıqlarına və nəqliyyat sistemlərinə qədər geniş spektri əhatə edir. Onlar tapşırıqları ya tam avtomatik, ya da minimal insan iştirakı ilə yerinə yetirə bilir.

Daha ekoloji gələcəyin açarı

Qlobal miqyasda enerji səmərəliliyi və davamlı idarəetmə artıq prioritetdir. Kommersiya, yaşayış və sənaye sektorlarında enerji istehlakının optimallaşdırılması istiqamətində artan tələbat IoT texnologiyalarının tətbiqini sürətləndirir.

IoT-un enerji sistemlərinə inteqrasiyası real vaxtda məlumat toplamağa və təhlil etməyə imkan verir. İntellektual sayğaclar istehlak vərdişlərini detallı şəkildə göstərir, istifadəçilərə enerjiyə qənaət yollarını müəyyənləşdirməyə şərait yaradır. Ağıllı termostatlar və işıqlandırma sistemləri isə insanların mövcudluğuna və mühit şəraitinə uyğun olaraq avtomatik tənzimlənir, nəticədə enerji itkiləri azalır.

Bu texnologiyalar bərpa olunan enerji mənbələri ilə inteqrasiya olunduqda daha geniş imkanlar açılır: uzaqdan monitorinq, proqnozlaşdırıcı texniki xidmət və enerji şəbəkələrinin intellektual idarə edilməsi mümkün olur. Günəş və külək kimi dəyişkən mənbələrin səmərəli istifadəsi üçün dəqiq və operativ məlumat həyati əhəmiyyət daşıyır - IoT isə bu məlumatı təmin edir.

Əşyaların İnterneti enerji paylanmasının idarə olunmasında da mühüm rol oynayır. Şəbəkədə enerji axınları izlənilir, nasazlıqlar vaxtında aşkarlanır, kəsilmələrə daha sürətli reaksiya verilir. Bu, həm təchizatın dayanıqlığını artırır, həm də təhlükəsizliyi gücləndirir. Hətta kiber hücumların erkən mərhələdə aşkarlanması və lokallaşdırılması da IoT vasitəsilə mümkündür ki, bu da genişmiqyaslı elektrik kəsilmələri riskini azaldır.

Şəhər idarəçiliyinin rəqəmsal beyni

Əşyaların İnterneti artıq bütöv şəhərlərin idarəetmə fəlsəfəsini dəyişir. "Ağıllı şəhər" anlayışı resurslardan səmərəli istifadəni, ətraf mühitə təsirin azaldılmasını və sakinlərin həyat keyfiyyətinin yüksəldilməsini hədəfləyən vahid rəqəmsal ekosistem deməkdir.

Belə şəhərlərdə infrastruktur bir-biri ilə "danışır". IoT sensorları nəqliyyat və piyadaların hərəkətini real vaxtda izləyir, tıxacların qarşısını almağa kömək edir. Hava keyfiyyətini ölçən qurğular çirklənməni nəzarətdə saxlayır, səs sensorları isə sağlamlıq üçün təhlükəli həddə çatan səs-küy zonalarını müəyyən edir. Küçə işıqları, su və enerji şəbəkələri mərkəzləşdirilmiş rəqəmsal platforma üzərindən idarə olunur. Nəticədə şəhər daha qənaətli, daha təhlükəsiz və daha çevik olur.

Azərbaycanda da rəqəmsal şəhərsalma prioritet istiqamət kimi müəyyən edilib. 2020-ci ildə təsdiqlənmiş "Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı"nda "ağıllı şəhər" konsepsiyasının araşdırılması və pilot layihələrin həyata keçirilməsi nəzərdə tutulub. 44 günlük müharibədən sonra isə azad edilmiş ərazilərdə şəhər və kəndlərin məhz "ağıllı şəhər" və "ağıllı kənd" modeli əsasında qurulması qərara alınıb. 2021-ci ilin aprelində bu konsepsiyanın hazırlanması üçün İşçi qrup yaradılıb.

Dayanıqlı şəhərsalma modelinə keçid

"Ağıllı kənd" modelinin ilk nümunəsi Zəngilan rayonunun Ağalı kəndidir. Bu yaşayış məntəqəsi sıfırdan, innovativ və enerji baxımından səmərəli həllərlə inşa olunub.

Kəndin enerji təminatı üçün Həkəri çayı üzərində hər biri 212 kVt gücündə üç hidravlik turbin quraşdırılıb. İnzibati binaların damında 325 kVt gücündə günəş panelləri yerləşdirilib. Evlərdə kombinə edilmiş istilik sistemləri, günəş kollektorları və enerji qənaətli avadanlıqlar tətbiq olunub. Xüsusi izolyasiya materialları istilik itkisini minimuma endirir. Çirkab suların bioloji təmizlənməsi isə ildə 41 min kubmetr texniki suyun təkrar istifadəsinə imkan verir.

Ağalı kəndində yüksək sürətli GPON internet şəbəkəsi mövcuddur. "Ağıllı" müşahidə kameraları, məlumat lövhələri, audio anons sistemləri, Wi-Fi nöqtələri və avtomatik meteoroloji stansiyalarla təchiz olunmuş çoxfunksiyalı işıq dirəkləri kəndin rəqəmsal infrastrukturunu tamamlayır.

Məsələni "Report"a şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Təranə Salıfova bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində "ağıllı şəhər" və "ağıllı kənd" modelini formalaşdırarkən IoT həllərinə geniş yer verilməsində məqsəd təkcə müasir yaşayış mühiti qurmaq deyil, resursları effektiv idarə edən, məlumat əsaslı qərarverməni mümkün edən urbanizasiya modelini formalaşdırmaqdır: "Ağalı layihəsində enerji, su və istilik təminatı sensor əsaslı IoT sistemləri vasitəsilə real vaxt rejimində izlənir və optimallaşdırılır".

Onun fikrincə, azad edilmiş ərazilərdə infrastrukturun sıfırdan qurulması IoT həllərinin daha sistemli və daha az xərclə inteqrasiyasına imkan verir. Beynəlxalq təcrübədə "smart region" yanaşması bütöv regionun vahid rəqəmsal platforma üzərindən idarə olunmasını nəzərdə tutur və bu model "IoT - böyük verilənlər - süni intellekt" sintezinə əsaslanır.

"Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən ağıllı idarəetmə təcrübəsi gələcəkdə digər regionlara da transfer oluna bilər. Bu isə ölkədə rəqəmsal transformasiyanın balanslı şəkildə genişlənməsinə, yaşayış mühitinin keyfiyyətinin yüksəlməsinə və uzunmüddətli dayanıqlı inkişaf modelinin formalaşmasına xidmət edir", - T.Salıfova qeyd edib.

Beləliklə, IoT burada şəhərin və kəndin görünməyən, amma hər an işləyən rəqəmsal beynidir.

Açıq şəbəkələr və görünməyən risklər

Əşyaların İnternetinin sürətli yayılması yeni imkanlarla yanaşı, ciddi təhlükəsizlik çağırışları da yaradır. Minlərlə, hətta milyonlarla cihazın eyni şəbəkəyə qoşulduğu mühitdə miqyas artdıqca risk də böyüyür.

Əsas problemlərdən biri şəffaflığın məhdud olmasıdır. IoT cihazları çox vaxt müxtəlif istehsalçıların komponentlərindən və quraşdırılmış proqram təminatından istifadə edir. Bu isə təchizat zəncirində görünməyən asılılıqlar yaradır. Nəticədə zəif həlqə haradadır sualına dəqiq cavab vermək çətinləşir və kiber cinayətkarlar məhz bu boşluqlardan yararlanırlar. Şəbəkədə hansı cihazın necə davrandığına dair aydın təsəvvür olmadıqda isə təhlükələrin aşkarlanması proaktiv deyil, əsasən reaktiv xarakter daşıyır - yəni problem baş verdikdən sonra müdaxilə edilir.

Bir çox IoT cihazı güclü autentifikasiya mexanizmləri ilə təchiz olunmur. Standart parollar, sərt kodlaşdırılmış istifadəçi məlumatları, açıq portlar və lazımsız aktiv xidmətlər onları asan hədəfə çevirir. Açıq API-lərdəki zəifliklər və dəyişdirilməyən ilkin parametrlər hücum riskini daha da artırır.

Digər ciddi məsələ proqram təminatının yenilənməməsidir. Bir sıra cihazlar köhnəlmiş proqramla işləyir və istehsalçı məhdudiyyətləri səbəbindən müntəzəm təhlükəsizlik yeniləmələri almır. Bu isə zamanla yığılan və aradan qaldırılmayan zəifliklərin uzunmüddətli riskə çevrilməsi deməkdir.

Görünən odur ki, IoT ekosistemində kibertəhlükəsizlik artıq əlavə seçim deyil, fundamental tələbə çevrilir. Gələcəyin cihazları daxili təhlükəsizlik protokolları, gücləndirilmiş autentifikasiya, ucdan-uca şifrələmə və proaktiv monitorinq sistemləri ilə təchiz olunmalıdır. Təhlükəsizlik sistemin üzərinə sonradan əlavə edilən qat olmamalı, onun memarlığının ayrılmaz hissəsi olmalıdır.

Məxfilik idarəetmə sistemləri (PDS - Protected Distribution System) də bu kontekstdə mühüm rol oynaya bilər. Onlar məlumatların tam mərkəzləşdirilməsi riskini azaldaraq daha balanslı, nəzarət edilə bilən model təklif edir. Bu yanaşma istifadəçiyə öz məlumatları üzərində nəzarəti saxlamaq, kimlərin və hansı şərtlərlə həmin məlumatlara çıxış əldə etdiyini müəyyənləşdirmək imkanı verir.

Digər problem isə qlobal standartların yetərli olmamasıdır. Avadanlıq, proqram təminatı və bulud sistemləri arasında vahid "dil" olmadıqda inteqrasiya çətinləşir və təhlükəsizlik boşluqları yaranır. IoT-un tam potensialını reallaşdırmaq üçün unifikasiya olunmuş protokollar və açıq, şəffaf texnoloji çərçivələr vacibdir.

Bununla yanaşı, operativ dəyişikliklərə və fövqəladə hallara real vaxtda reaksiya vermək üçün məlumatların həm mərkəzi buludda, həm də birbaşa yerində emalı genişləndirilməlidir. Sensorlardan gələn məlumatların lokal analiz edilməsi gecikməni azaldır, şəbəkə yükünü yüngülləşdirir və qərarverməni sürətləndirir.

Xəbər lenti