Şirvan suvarma kanalının yenidən qurulması layihəsinin gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.
"Report" Dövlət Su Ehtiyatları Agentliyinin Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə istinadən xəbər verir ki, bunu Şirvan suvarma kanalının yenidən qurulması üzrə "İşçi qrupu"nun növbəti onlayn iclasında İşçi qrupun rəhbəri Rafiq Aslanov bildirib.
Onun sözlərinə görə, layihə 4 mərhələdən ibarətdir. I və IV mərhələlər üzrə işlərin cari ilin sonunadək, II və III mərhələlər üzrə isə gələn ilin sonunadək tamamlanması nəzərdə tutulur. Bununla da layihənin ümumilikdə 2027-ci ilin sonuna qədər başa çatacağı gözlənilir.
R. Aslanov həmçinin qeyd edib ki, ölkənin ikinci ən böyük kanalı olan Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə, yaşayış məntəqələrini isə məişət suyu ilə təmin edir: "Bununla yanaşı, o, həmçinin az sulu illərdə Türyançay Sağ və Sol sahil magistral kanallarının, eləcə də Göyçay çayından qidalanan bir sıra kanalların xidməti ərazilərində yerləşən əkin sahələrinin su təminatına dəstək göstərir. Lakin, 65 ildən çox müddətdə istismar olunmuş Yuxarı Şirvan kanalı torpaq məcralı olduğundan, ondan ildə təxminən 350 milyon m³ su itkisi baş verir ki, bunun da nəticəsində vegetasiya dövründə su təminatının ödənilməsində müəyyən çətinliklərin yaranması ilə yanaşı, ətraf ərazilərin meliorativ vəziyyətinin pisləşməsinə də səbəb olur".
Qeyd olunub ki, Şirvan suvarma kanalının başlanğıc sərfinin saniyədə 180 kubmetrə, ümumi uzunluğunu isə 204 km-ə qədər artırmaqla, onun müasir tələblərə uyğun şəkildə yenidən qurulması nəticəsində, Şirvan zonasına daxil olan Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, İsmayıllı, Ağsu, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarında ümumilikdə 228 min hektar torpaq sahəsinin suvarma, yaşayış məntəqələrinin isə məişət suyu təminatının yaxşılaşması ilə yanaşı, ətraf ərazilərin meliorativ vəziyyətinə də müsbət təsir göstərəcəkdir. Bununla yanaşı, kanalın sonunda Hacıqabul gölünə suyun çatdırılması ilə onun ekoloji vəziyyətinin yaxşılaşması da təmin ediləcək".
Layihə Prezidentin 15 aprel 2024-cü il tarixli Sərəncamına uyğun olaraq icra edilir və tikinti-quraşdırma işləri təsdiq edilmiş qrafik əsasında davam etdirilir.