Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ-nin fevralın 17-18-də Rusiya ilə müharibənin dayandırılması üzrə danışıqların növbəti raundunu keçirmək təklifini qəbul edib.
"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri agentliyə telefon müsahibəsində bildirib.
Onun sözlərinə görə, danışıqların yeni raundu fevralın 17-18-i üçün planlaşdırılıb, lakin Rusiyanın görüşdə iştirak etməyə razılıq verib-verməyəcəyi hələlik məlum deyil. Müzakirə mövzularından biri Vaşinqtonun Donbasın şərqində bufer qismində azad iqtisadi zonanın yaradılması təklifi olacaq.
"Tərəflərin heç biri azad iqtisadi zona ideyasına şad deyil - nə rusiyalılar, nə də biz. Bu məsələyə baxış bucaqlarımız fərqlidir", - Zelenski qeyd edib.
O, həmçinin ayın əvvəlində Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ nümayəndələri arasında baş tutmuş danışıqlar raundunu konstruktiv adlandırıb. Prezidentin sözlərinə görə, danışıqların vicdanla aparılması şərtilə müharibə bir neçə ay ərzində başa çata bilər.
Zelenski vurğulayıb ki, Kiyev Donbası öz ərazisi hesab edir və onun Ukrayna tərəfindən idarə olunmasının tərəfdarıdır.
"Əgər bu, bizim ərazimizdirsə - ki, bu, bizim ərazimizdir - onda onu, ərazi hansı ölkəyə məxsusdursa, həmin ölkə idarə etməlidir", - o bildirib.
Prezidentin sözlərinə görə, əvvəlki danışıqlarda atəşkəs mexanizmləri və ABŞ-nin iştirakı ilə ona riayət olunmasının mümkün monitorinqi müzakirə edilib. Lakin tərəflər daha yüksək səviyyədə siyasi qərarlar qəbul edilmədən təfərrüatları razılaşdıra bilməyiblər.
Zelenski, həmçinin qeyd edib ki, danışıqların növbəti mərhələsi müharibədən sonrakı planlaşdırma və iqtisadi məsələləri əhatə edə bilər. İqtisadi bərpanın təmin edilməsi üzrə tədbirlər paketini ABŞ ilə müzakirə etmək üçün iqtisadiyyat naziri Aleksey Sobolev da Ukrayna nümayəndə heyətinin tərkibinə daxil olacaq.
Bununla yanaşı, Zelenski Ukraynanın bərpa və müdafiə qabiliyyətinin saxlanılması prosesində üzləşəcəyi ciddi maliyyə çağırışları barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, Avropa ölkələrinin iştirakı ilə dəqiq maliyyələşdirmə mexanizmi zəruridir, çünki dondurulmuş Rusiya aktivlərinin istifadəsi belə ölkənin uzunmüddətli ehtiyaclarını ödəməyəcək.