IMG-LOGO

Dövlət Miqrasiya Xidmətində Qlobal Pakta dair məsləhətləşmələr aparılıb

11 Feb 2026 18:29 3 baxış
IMG

Dövlət Miqrasiya Xidməti (DMX), Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Ofisinin birgə təşkilatçılığı ilə "Azərbaycanda "Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt"ın icrası və gələcək prioritetlər" mövzusunda çoxtərəfli məsləhətləşmələr aparılıb.

Bu barədə "Report"a DMX-dən məlumat verilib.

Bildirilib ki, tədbir mayın 5-8-də keçiriləcək ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlıq çərçivəsində baş tutub.

Müvafiq dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilən məsləhətləşmələrin əsas məqsədi "Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt"ın (Miqrasiya üzrə Qlobal Pakt) məqsəd və prinsiplərinin, onun icrası üzrə Azərbaycanın əldə etdiyi nailiyyətlərin, aidiyyəti dövlət orqanlarının səlahiyyətləri çərçivəsində verilən töhfə və təkliflərin, eləcə də Forum öncəsi prioritetlərin müzakirəsi olub.

DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov BMT-nin himayəsi altında hazırlanmış, beynəlxalq miqrasiyanın bütün aspektlərini vahid və hərtərəfli şəkildə əhatə edən ilk hökumətlərarası sənəd olan Miqrasiya üzrə Qlobal Paktın səmərəli icrası üzrə milli səviyyədə görülmüş işlər, Azərbaycanın Paktın icrası üzrə "Çempion ölkə" mövqeyindən regional və qlobal əməkdaşlığa verdiyi töhfələr, eləcə də 2022-ci ildə keçirilmiş ilk Beynəlxalq Miqrasiya İcmalı Forumunda fəal iştirakı barədə məlumat verib.

Miqrasiyanın transsərhəd və sektorlararası bir proses olduğunu vurğulayan Xidmət rəisi qeyd edib ki, bu baxımdan Miqrasiya üzrə Qlobal Paktın rəhbər prinsiplərindən olan ümumhökumət prinsipi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlıq prosesində fəal iştirakını davam etdirdiyi və bu xüsusda hazırkı məsləhətləşmələrin töhfəsi diqqətə çatdırılıb.

BMqT-nin Gürcüstandakı Nümayəndəliyinin, həmçinin regionda koordinasiya funksiyalarına malik ölkə ofisinin rəhbəri Lars Yohan Lönnbak və BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç Miqrasiya üzrə Qlobal Paktın qlobal miqrasiya idarəçiliyində rolunu və bu istiqamətdə Azərbaycanın əldə etdiyi nailiyyətlərin beynəlxalq əməkdaşlıq müstəvisində əhəmiyyətini vurğulayıblar.

Tədbir zamanı Miqrasiya üzrə Qlobal Paktın əhəmiyyəti, ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlıq prosesi, ölkəmizdə Paktın icrası ilə bağlı əldə edilmiş nəticələr, həmçinin BMT və Azərbaycan Respublikası Hökuməti arasında imzalanmış 2026-2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin Paktın icrasına töhfələri barədə ətraflı məlumat verilib.

Xəbər lenti