Avropa Şurasının Nazirlər Komitəsi təşkilatın sabiq baş katibi Turbyorn Yaqlandın toxunulmazlığının ləğvi barədə qərar qəbul edib.
Lent.az-ın Avropa Şurasına istinadən məlumatına görə, bu qərar Norveç hakimiyyətinin ağırlaşdırıcı hallarda korrupsiya ittihamları ilə bağlı cinayət işi açmaq niyyəti ilə əlaqədar müraciətinə əsasən qəbul edilib.
Qeyd olunub ki, bu addım 2025-ci ilin noyabrından etibarən KİV-də dərc olunan məlumatların fonunda atılıb. Həmin materiallar ABŞ hakimiyyətinin Ceffri Epşteyn barədə cinayət işi çərçivəsində açıqladığı sənədlərlə bağlı idi.
Kommunikedə bildirilib ki, Avropa Şurasının fəaliyyətdə olan Baş katibi Alen Berse hələ 2025-ci ilin noyabrında halları və faktları aydınlaşdırmaq üçün qeyri-rəsmi daxili araşdırma başladıb. Araşdırma yanvar ayında başa çatıb.
"2025-ci ilin noyabrındakı ifşalardan sonra Avropa Şurasının bütövlüyünü və nüfuzunu qorumaq üçün zəruri hesab etdiyim bütün tədbirləri gördüm. Bu işin hallarını aydınlaşdırmaq və mövcud məlumatları yoxlamaq üçün qeyri-rəsmi daxili inzibati araşdırmanın başlanmasını tələb etdim", - A.Berse bəyan edib.
Turbyorn Yaqland Avropa Şurası