Xalq artisti Qurban İsmayılov "Girov" filminin Rusiyanın Smolensk şəhərindəki premyerasından sonra bir erməninin yaxınlaşıb ona təşəkkür etdiyini deyib.
O, bu barədə "Report"a müsahibəsində danışıb.
Aktyorun sözlərinə görə, premyeranın saatı ermənilər tərəfindən dəyişdirilib:
"Nümayiş saat 19:00-da olmalı idi, amma ermənilər müdaxilə edib nümayişi axşam saat 22:00-a salmışdılar. Jürinin sədrini Ermənistanda hansısa akademiyanın həqiqi üzvü elədilər, bir növ, könlünü aldılar, nəticədə saat dəyişdirildi, nümayişə az adam qaldı. Mən zəng edib Eldar Quliyevə dedim ki, bəs belə bir şey olub, o da əvvəl əsəbiləşib dedi ki, qayıt çıx gəl. Amma sonra fikrindən vaz keçdi, dedi, qal".
Qurban İsmayılov nümayişdən sonra 30-35 yaşlı bir erməninin yaxınlaşıb ona təşəkkür etdiyini də qeyd edib:
"Dedi ki, çox sağ ol. Dedim, niyə? Dedi, mən bilirəm ki, həyatda da o ermənini siz sağ buraxardınız. Sizin xalq həyatda da belədir. Bir az danışdıq, məlum oldu ki, o vaxt anası ilə bunu Naxçıvandan Ermənistana yola salıblarmış. Demək, kimiksə, özümüzü də məhz o cür də təqdim etməliyik".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.