Bu ilin sonuna qədər Azərbaycanda "mygov" platformasından istifadə edənlərin sayının 5 milyona çatdırılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevin sədrliyi ilə bu gün keçirilmiş "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.
"mygov" platforması artıq yeni fəlsəfə ilə bizim istifadəçilərin xidmətinə təqdim edilib. Yalnız ötən il biz təxminən 1,3 milyon yeni nadir istifadəçini "mygov"a gətirə bilmişik. Ötən ilin sonunda bu rəqəm 2,2 milyon təşkil edirdisə, bu ilin yanvar ayının sonuna bu rəqəm artıq təxminən 2,5 milyondur. İstifadəçi dedikdə biz ən azı ay ərzində bir dəfə "mygov" platformasından istifadə edən vətəndaşlarımızı nəzərdə tuturuq. İlin sonuna qədər bu rəqəmin təxminən 5 milyona çatmasını planlaşdırırıq. Bunu nə mümkün etmişdir sualının cavabı, möhtərəm cənab Prezident, rəqəmsallaşmanın bir sənəd və bir qurum mərkəzli yanaşmadan həyat hadisələri yanaşmasına çevrilməsidir. Bir misal üzərində bunu diqqətinizə məruzə etmək istərdim. Biz həyat hadisələrini müəyyən etmişik", - deyə nazir qeyd edib.