IMG-LOGO

Ümumdünya Xəstələr Günü ilə əlaqədar tədbir keçirilib

11 Feb 2026 18:31 3 baxış
IMG

TƏBİB və Pasiyent Təşkilatları İttifaqının birgə əməkdaşlığı çərçivəsində Yeni Klinikada Ümumdünya Xəstələr Gününə həsr olunmuş "Bir ümidə işıq ol" adlı tədbir keçirilib.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, tədbirin əsas məqsədi səhiyyədə insan mərkəzli yanaşmanın təşviqi, pasiyentlərə mənəvi dəstəyin əhəmiyyətinin vurğulanması, həkim-pasiyent münasibətlərində empatiya və psixoloji dəstəyin roluna diqqətin artırılması olub. Konsept çərçivəsində xəstələrin sağalma yolunda qarşılaşdıqları emosional və sosial çətinliklər ön plana çıxarılıb.

Tədbir zamanı xroniki xəstəliklərlə mübarizə aparan və müalicə prosesini uğurla başa vuran pasiyentlərin real həyat hekayələri təqdim olunub. Onların təcrübələri mütəxəssislərin iştirakı ilə geniş müzakirə edilib. Pasiyentlərin fəal iştirakının təmin olunması məqsədilə bir sıra ictimai birliklərlə əməkdaşlıq həyata keçirilib.

Tədbirdə TƏBİB və müvafiq dövlət qurumlarının nümayəndələri, ictimai birlik rəhbərləri, ixtisaslaşmış həkimlər, psixoloqlar, pasiyentlər iştirak ediblər.

TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva bildirib ki, Ümumdünya Xəstələr Günü insan sağlamlığının əhəmiyyətini bir daha xatırladan xüsusi gündür.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin Monitorinq şöbəsinin müdiri Bəyalı Məmmədov qeyd edib ki, əsas məqsəd yalnız müalicəvi xidmət göstərmək deyil, həm də pasiyentlərə mənəvi dayaq olmaqdır.

Yeni Klinikanın direktor müavini, Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri Gülnar Nuriyeva Azərbaycan səhiyyəsinin iki müharibə və bir pandemiya dövründən keçməsinə baxmayaraq, müasir tibbin tələblərinə cavab verən sistemin formalaşdığını vurğulayıb.

Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov əsas məsələlərdən birinin regionlarda dərman preparatlarına əlçatanlığın tam təmin edilməsi və bu problemin həlli istiqamətində müvafiq tədbirlərin həyata keçirilməli olduğunu deyib.

Tədbir çərçivəsində müxtəlif xəstəliklərdən sağalmış və ya xəstəliyi nəzarətdə saxlayan şəxslər çıxış edərək müalicə prosesində həkim dəstəyi, dövlət təminatı və ictimai birliklərin rolunu xüsusi qeyd ediblər.

Xəbər lenti