IMG-LOGO

ABŞ tezliklə BMT-yə milyardlarla dollarlıq borcunun ilkin ödənişini edəcək

07 Feb 2026 08:24 2 baxış
IMG

ABŞ tezliklə Birləşmiş Millətlər Təşkilatına milyardlarla dollarlıq borcunun ilkin ödənişini edəcək.

"Report" xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts "Reuters" agentliyinə açıqlamasında deyib.

Onun sözlərinə görə, təşkilatda islahatların davam etdirilməsi vacibdir.

Məlumata görə, amerikalı diplomat bu açıqlamanı BMT-nin Baş katibi Antoniu Quterreşin qurumun maliyyə vəziyyəti ilə bağlı həyəcan təbili çalmasından iki həftə sonra verib. Quterreş, 193 üzv ölkəsi olan təşkilatın ödənilməmiş üzvlük haqları səbəbindən "yaxınlaşan maliyyə çöküşü" riski ilə üzləşdiyi barədə xəbərdarlıq edib. Borcların əksəriyyəti isə ABŞ-yə məxsusdur.

"Mütləq tezliklə ilkin vəsait tranşının çıxılacağını görəcəksiniz. Bu, illik üzvlük haqqlarımız üzrə əhəmiyyətli avans ödənişi olacaq. Düşünmürəm ki, son məbləğ hələ müəyyən edilib, amma bu, bir neçə həftə ərzində baş verəcək", - deyə Uolts bildirib.

BMT-nin məlumatına görə, təşkilatın müntəzəm büdcə borcunun 95 faizindən çoxu ABŞ-nin payına düşür - fevralın əvvəlinə olan məlumata görə, bu, 2,19 milyard dollardır. ABŞ həmçinin hazırkı və keçmiş sülhməramlı missiyalar üçün 2,4 milyard dollar və BMT tribunalları üçün 43,6 milyon dollar borcludur.

Xəbər lenti