"Dinləmə" ("The Wire", 2002-2008) və "Lüter" (Luther, 2010-2019) serialları ilə tanınan britaniyalı aktyor İdris Elba cəngavər titulu alıb.
"Report"un məlumatına görə, dövlət mükafatları laureatlarının Yeni il siyahısı Böyük Britaniya hökumətinin saytında yerləşdirilib.
53 yaşlı Elbaya fəxri titul gənclər arasında cinayətkarlıqla mübarizə sahəsindəki ictimai fəaliyyətinə görə verilib. Öz növbəsində, "Pis: Qərb cadugərinin nağılı" ("Wicked: Part I", 2024) filmindəki roluna görə "Oskar" mükafatına namizəd göstərilən aktrisa Sintiya Erivo Britaniya İmperiyası Ordeninin kavaleri olub. "Cümə axşamı qətllər klubu" detektiv seriyası ilə məşhurlaşan yazıçı Riçard Osman isə Britaniya İmperiyası Ordeninin zabiti rütbəsinə layiq görülüb.
Ümumilikdə siyahı 1200-ə yaxın addan ibarətdir. Xüsusilə siyahıda ötən yay Avropa çempionatında qalib gələn İngiltərə qadın milli futbol komandasının üzvləri, o cümlədən Britaniya İmperiyası Ordeninin komandoru olan komanda kapitanı Liya Uilyamsonun adı var. Eyni rütbəyə "Sainsbury's" supermarketlər şəbəkəsinin icraçı direktoru Saymon Roberts də layiq görülüb.
Ən gənc laureat Britaniya İmperiyası Ordeninin kavaleri adını alan 20 yaşlı 2024-cü il Olimpiya Oyunlarının çempionu Tobi Roberts olub. Siyahının ən yaşlı iştirakçısı isə "cəmiyyətə xidmətinə görə" Britaniya İmperiyası Ordeninin medalı ilə təltif edilən 102 yaşlı cüdo məşqçisi Con Hirndir.