Özbəkistan və Azərbaycan arasında münasibətlər hazırda ən yüksək səviyyədədir.
Lent.az xəbər verir ki, bunu APA-nın Daşkəndə ezam olunmuş əməkdaşına açıqlamasında Özbəkistanın “Sevimli” TV jurnalisti Cahongir Alimov deyib.
Cahongir Alimov bildirib ki, bu münasibətlər iki ölkənin xalqları arasında tarixi və mədəni yaxınlığa, qarşılıqlı hörmətə və dövlətlərarası əməkdaşlığa əsaslanır: “Azərbaycan və Özbəkistan arasında əlaqələrin inkişafında dövlət başçılarının siyasi iradəsi mühüm rol oynayır. Xüsusilə bu gün Özbəkistan və Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir. İki ölkənin münasibətləri yalnız dövlətlərarası əlaqələrlə məhdudlaşmır, xalqlarımız arasında da güclü dostluq və qardaşlıq münasibətləri mövcuddur”.
Cahongir Alimov Azərbaycan və Özbəkistan xalqlarının bir sıra ortaq xüsusiyyətlərə malik olduğunu vurğulayıb. Jahongir Alimov bu yaxınlarda Azərbaycanın Şuşa şəhərində keçirilən Qlobal Media Forumunda iştirak etdiyini və Prezident İlham Əliyevə sual verdiyini də xatırladıb: “Yaxın zamanda Şuşada Qlobal Forumda iştirak etdim, Prezident İlham Əliyevə sual verdim. Forum çərçivəsində Qarabağ və Şuşa ilə bağlı gördüklərim məndə böyük təəssürat yaratdı”.
Özbək jurnalist Qarabağ məsələsində Özbəkistanın mövqeyinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət üzərində qurulduğunu qeyd edib. O, Azərbaycanın Qarabağda apardığı bərpa və quruculuq işlərinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb:
“Biz əvvəldən də demişik ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, bizim dövlətlərin və xalqların mövqeyidir”.
O, Özbəkistanın Qarabağın bərpası prosesinə verdiyi töhfələrdən də danışıb:
“2023-cü ildə Füzulidə olduq. Özbəkistan Prezidentinin təşəbbüsü ilə Füzulidə məktəb tikildi. Məktəbin ətrafında abadlıq işləri də aparıldı. Bu işlərin həyata keçirilməsi Azərbaycan xalqına və Azərbaycan Prezidentinin siyasətinə verilən dəstəyin göstəricisidir. Qarabağda aparılan genişmiqyaslı quruculuq işlərinin bölgənin gələcək inkişafı baxımından əhəmiyyətlidir. Qarabağda görülən işlər, aparılan bərpa prosesləri və yaradılan yeni imkanlar çox mühümdür. Şuşada və Qarabağda həyatın yenidən canlanmasını, ərazilərin bərpasını böyük məmnuniyyətlə müşahidə edirəm”.
https://t.me/apa_az/124910Özbək jurnalist Cahongir Alimov Özbəkistan-Azərbaycan
Mənbə: lent.az