BP şirkəti Azərbaycan incəsənət tarixinin ən görkəmli simalarından biri və Azərbaycan realist rəssamlıq məktəbinin banisi olan Mirzə Qədim İrəvani haqqında kitabın nəşrinə dəstək verib.
"Report" xəbər verir ki, böyük rəssamın 200 illik yubileyinə həsr edilmiş kitab bu gün BP-nin təşkil etdiyi tədbirdə ictimaiyyətə təqdim edilib.
"Mirzə Qədim İrəvani: Parlaq Rənglərin İşığında" adlı kitabın nəşri, rəssamın 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin 14 fevral 2025-ci il tarixli sərəncamına uyğun olaraq həyata keçirilib.
Tədbirdə çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib ki, şirkət Azərbaycanın təsviri sənətinin görkəmli nümayəndəsi olan Mirzə Qədim İrəvaninin əvəzsiz irsini Azərbaycan xalqı ilə birlikdə böyük ehtiramla qeyd etməkdən qürur duyur: "Mirzə Qədim İrəvani klassik orta əsr miniatür sənətinin dekorativ estetikası ilə realist dəzgah boyakarlığının prinsiplərini ahəngdar şəkildə birləşdirərək, özünəməxsus bədii forma və orijinal üslub yaradıb".
Onun sözlərinə görə, İrəvaninin Azərbaycanın təsviri sənətində dönüş nöqtəsi kimi dəyərləndirilən və rəssamlıqda ənənəvi dekorativ məktəbdən yeni, peşəkar realist yanaşmaya keçidi təmsil edən əvəzsiz irsi onu milli təsviri sənət tariximizdə çox yüksək mövqeyə qaldırıb: "Ümid edirik ki, bu gün təqdim olunan kitab Azərbaycan sənətsevərləri tərəfindən rəğbətlə qarşılanacaq və bu böyük sənətkarın irsinin daha dərindən öyrənilməsinə və daha geniş tanıdılmasına dəyərli töhfə olacaq."
Mirzə Qədim İrəvaninin irsi Azərbaycan təsviri incəsənəti tarixindəki əhəmiyyəti ilə yanaşı, həm də öz dövrünün tarixi, mədəniyyəti, həyat tərzi, memarlıq ənənələri və bədii üslubları barədə əvəzsiz məlumatlar təqdim edir.
Kitab Mirzə Qədim İrəvaninin həm ornamental rəssam, həm də bir portretçi kimi bədii irsindən bəhs edən əhatəli icmal təqdim edir. Nəşrdə həmçinin sənətkarın öz həyatına və yaradıcılıq yoluna dair dəyərli tarixi məlumatlar yer alıb.
Nəşr İrəvaninin beynəlxalq muzey kolleksiyalarında qorunan əsərlərinə dair tədqiqatları, saray interyerlərini bəzəyən sənət nümunələrinin təhlillərini əhatə edən, eləcə də onun bədii irsinin təkamülü və interpretasiyasını araşdıran bir sıra elmi məqalələri bir araya gətirir. Bu materiallar bütövlükdə mühüm elmi və mədəni mənbə təşkil edir.
224 səhifədən ibarət, yüksək keyfiyyətlə hazırlanmış incəsənət və elmi tədqiqat nəşrinin müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Cabbarlıdır. Ön söz sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov tərəfindən qələmə alınıb. Kitabda, həmçinin İrəvaninin irsini araşdırmış bir sıra digər alimlərin tədqiqatlarından da istifadə olunub. Onların sırasında Azərbaycanın görkəmli sənətşünası və tədqiqatçısı, Azərbaycanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, mərhum Ziyadxan Əliyev, eləcə də Natalya Miklaşevskaya, Kərim Kərimov, Rasim Əfəndi, Nazim Mustafa, Telman İbrahimov, Xəzər Zeynalov və başqa adlar yer alır.
Kitab BP-nin dəstəyi ilə həyata keçirilən daha geniş mədəni irs layihəsinin bir hissəsidir. Layihə Mirzə Qədim İrəvaniyə həsr olunmuş kitabdan əlavə, Doktor Kübra Əliyevanın müəllifi olduğu Azərbaycan xalçalarına dair üç əsas elmi nəşri, eləcə də tanınmış kino tədqiqatçısı Aydın Kazımzadənin müəllifi olduğu Azərbaycanın milli kinematoqrafiyasının tarixi və inkişafına həsr edilmiş dörd cildlik elmi araşdırmanı əhatə edir.
Layihəyə daxil olan digər kitablar da il ərzində ictimaiyyətə təqdim ediləcək.
Layihə BP-nin Azərbaycanın zəngin mədəni irsinin qorunması və təşviqinə yönəlmiş təşəbbüsləri dəstəkləmək istiqamətində davamlı öhdəliyini əks etdirir.
Layihənin ümumi dəyəri səkkiz kitabın hazırlanması və nəşri də daxil olmaqla 308 498 manat (təxminən 181 470 ABŞ dolları) təşkil edir. Layihə Təşəbbüslər və Layihələr Mərkəzi tərəfindən icra olunur.

