Azərbaycan-İordaniya biznes forumunun 2026-cı ilin birinci rübünün sonuna qədər Əmmanda keçirilməsi planlaşdırılır.
Bunu "Report"a müsahibəsində İordaniyanın Azərbaycandakı səfiri Ömər əl-Nahar bildirib.
"Konkret tarix hələ ki elan edilməsə də, forum 2026-cı ilin I rübündə keçirilə bilər", - o qeyd edib.
Səfir vurğulayıb ki, hazırda Bakı və Əmman əczaçılıq, energetika, rəqəmsallaşma, nəqliyyat və logistika, turizm, kiçik və orta biznesin inkişafı və sənaye əməkdaşlığı sahələrində 12 birgə layihədən ibarət portfel üzrə danışıqlar aparır.
Onun sözlərinə görə, layihələr ekspert araşdırması mərhələsindədir, onların bir qismi isə artıq yüksək səviyyədə işlənərək hazırlanıb və onlar yaxın perspektivdə reallaşdırma potensialı nümayiş etdirir.
Səfir tərəflərin əczaçılıq sahəsində birgə müəssisənin yaradılmasını müzakirə etdiklərini vurğulayıb: "Aydın kommersiya məntiqi, tərəflərin bir-birini tamamlayan imkanlarının mövcudluğu və müvafiq nazirlərin nikbin ictimai bəyanatları bu layihənin reallaşma ehtimalının yüksək olduğunu güman etməyə imkan verir. Birgə müəssisənin yaradılması barədə rəsmi qərarın verilməsi və sazişin imzalanması 2026-cı ilin ikinci və ya üçüncü rübündə baş tuta bilər".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.