IMG-LOGO

Rusiyanın xərçəng əleyhinə vaksinləri serbiyalı xəstələr üçün əlçatan olacaq

06 Feb 2026 03:47 3 baxış
IMG

Rusiyanın xərçəng xəstəliyi əleyhinə fərdiləşdirilmiş mRNK vaksinləri Serbiyadakı xəstələr üçün əlçatan olacaq.

"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə Serbiya hökumətində beynəlxalq iqtisadi əməkdaşlığa məsul nazir Nenad Popoviç bildirib.

O qeyd edib ki, Rusiyanın səhiyyə naziri Mixail Muraşko ilə çoxməzmunlu görüş keçirib. Görüşdə onkoloji xəstələrin müalicəsi üçün Rusiyanın ən müasir innovativ terapiyalarının tətbiqi müzakirə edilib.

Nazirin sözlərinə görə, mRNK vaksinin 2026-cı ilin sonunadək Serbiyada istifadəyə verilməsi gözlənilir: "Serbiyadan olan xəstələr rusiyalı pasiyentlərlə birlikdə xərçəng xəstəliyi əleyhinə vaksini alan ilk şəxslər arasında olacaqlar. Əməkdaşlıq haqqında saziş üzərində iş artıq başlayıb və gözlənilir ki, Serbiyadan olan ilk xəstələr ilin sonunadək müalicə alsınlar. Növbəti addımlar isə iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlıq çərçivəsində və çərçivə sazişlərinin imzalanması yolu ilə həyata keçiriləcək".

N.Popoviç onu da diqqətə çatdırıb ki, fərdiləşdirilmiş vaksin hər xəstə üçün ayrıca hazırlanır. Bu səbəbdən proses mürəkkəb, uzunmüddətli, eləcə də bahalıdır və ən müasir texnologiyalar tələb edir. Nazir vaksinin dünyada ən effektiv onkoloji terapiyalardan birinə çevriləcəyinin gözlənildiyini vurğulayıb.

Xəbər lenti