IMG-LOGO

AK Serbiya rəhbərliyini məhkəmə-hüquq qanunlarının icrasını dayandırmağa çağırıb

06 Feb 2026 02:21 4 baxış
IMG

Avropa Komissiyası Serbiya rəhbərliyini bu yaxınlarda qəbul edilmiş məhkəmə-hüquq qanunları paketinin icrasını dayandırmağa çağırır.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Guillaume Mercier "N1" xəbər platformasında açıqlamasında deyib.

O bildirib ki, Serbiyada məhkəmə-hüquq sahəsində əsas qanunlara edilən dəyişikliklər Avropa İttifaqına (Aİ) üzvlük yolunda ciddi geriləmədir: "Bu gün komissar Maykl Makqrat (Michael McGrath -red) Serbiyanın ədliyyə naziri ilə görüş keçirib. Komissar narahatlıqlarımızı və növbəti addımlarla bağlı gözləntilərimizi açıq şəkildə vurğulayıb. Biz Serbiya rəhbərliyini dəyişikliklərin icrasını dayandırmaq üçün hüquqi yollar tapmağa və qəbul edilmiş düzəlişlərə təcili şəkildə yenidən baxmağa çağırırıq ki, narahatlıqlarımız aradan qaldırılsın. Dəyişikliklər Avropa Komissiyası və Venesiya Komissiyası da daxil olmaqla, bütün aidiyyəti tərəflərin iştirakı ilə şəffaf və inklüziv məsləhətləşmə prosesinə hörmət etməlidir".

Sözçü məhkəmə-hüquq sahəsində əsas qanunlara edilən dəyişikliklərin Serbiya Prezidenti tərəfindən imzalanmasına təəssüfləndiklərini vurğulayıb.

Onun sözlərinə görə, Komissiya dəyişikliklərlə bağlı mövqeyini çox aydın ifadə edərək bildirib ki, bu, Serbiyanın Aİ-yə üzvlük yolunda ciddi geriləmədir və əvvəlki öhdəlikləri ilə əldə edilmiş irəliləyişi sarsıdır.

"Serbiya Aİ-yə üzvlük prosesi çərçivəsində, Komissiyanın tövsiyələrini də nəzərə almaqla məhkəmə müstəqilliyini və prokurorluğun muxtariyyətini gücləndirməyi öhdəsinə götürüb. Biz bu mesajları bütün səviyyələrdə çatdırmaqda davam edəcəyik", - G.Mercier vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Serbiyanın ədliyyə naziri Nenad Vujiç Brüsseldə Aİ rəsmiləri ilə yeni qəbul edilmiş məhkəmə-hüquq qanunları paketini müzakirə edib.

Xəbər lenti