Çinli alimlər bir dəqiqə ərzində impulsları generasiya edə bilən 20 GVt gücündə dünyanın ilk mikrodalğalı silahını yaradıblar.
"Report" xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məluat yayıb.
Belə yerüstü kompakt sistem aşağı Yer orbitində peyklərin işini poza və ya onlara zərər vura bilər. "Starlink" peykləri bu siyahıdadır.
Qeyd olunur ki, "TPG1000Cs" adlı cihaz Şensi əyalətinin Sian şəhərindəki Şimal-Qərb Nüvə Texnologiyaları İnstitutunda hazırlanıb. Bu aparatın uzunluğu dörd metr, çəkisi beş ton təşkil edir. Silah yük maşınları, hərbi gəmi, təyyarə və hətta peyklərdə quraşdırıla bilər. İndiyədək məlum olan oxşar sistemlər fasiləsiz olaraq üç saniyədən çox işləyə bilmirdi.
"TPG1000Cs" bir seans ərzində 3 000-ə qədər yüksək enerjili impuls generasiya edə bilir. Bu isə onun dünyada mövcud olan oxşar sistemləri əhəmiyyətli dərəcədə üstələdiyi deməkdir. Əgər Çin "TPG1000C" aparatını kosmosda yerləşdirsə, onun görünməz zərbələri daha da ölümcül olacaq və aşkar etmək çətinləşəcək.