Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" korporativ reytinq meyarlarını və sahə naviqatorlarını yenilədikdən sonra Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) daxil olmaqla 11 neft-qaz şirkətinin kredit reytinqlərini təsdiqləyib.
"Report"un "Fitch"ə istinadən verdiyi xəbərə görə, reytinqləri təsdiqlənən şirkətlər sırasına "QatarEnergy", "Saudi Aramco", BP, OMV, "Repsol", EDO, OQ, "KazMunayGas", "Romgaz" və "Uzbekneftegaz" da daxildir.
Yenidən baxılma çərçivəsində "Fitch" SOCAR-ın müstəqil kredit profilini (SCP) Korporativ Reytinq Alətindən (Corporate Rating Tool - CRT) istifadə etməklə qiymətləndirib. Təhlilin nəticələrinə əsasən, SOCAR-ın SCP-si "bb-" səviyyəsində müəyyən edilib.
SOCAR-ın biznes və maliyyə profili aşağıdakı kimi qiymətləndirilib: idarəetmə – "bb", sahə xüsusiyyətləri – "bb+", bazar və rəqabət mövqeyi – "bbb-", şaxələndirmə və aktivlərin keyfiyyəti – "bb+", əməliyyat xüsusiyyətləri – "bb", mənfəətlilik – "bbb", maliyyə strukturu – "b-", maliyyə çevikliyi – "b+". Kəmiyyət maliyyə göstəriciləri fərdi CRT parametrləri nəzərə alınmaqla hesablanıb. Burada çəkinin 10 %-i 2024-cü ilin faktiki göstəricilərinə, 10 %-i 2025-ci ilin proqnozuna, hər biri 30 % olmaqla 2026 və 2027-ci illərin proqnozlarına, 20 %-i isə 2028-ci ilin proqnozuna aid edilib.
"Fitch" SOCAR-ın korporativ idarəetməsini "yaxşı", əməliyyat mühitini isə "bb-" səviyyəsində qiymətləndirib. Hər iki göstərici reytinq üzrə əlavə düzəlişə səbəb olmayıb.
Emitentin uzunmüddətli defolt reytinqi (IDR) müəyyən edilərkən dövlət şirkətləri üçün nəzərdə tutulmuş reytinq meyarları (Government-Related Entities - GRE) bərabərləşdirilmiş yanaşma əsasında tətbiq edilib.