Zərurət yaranarsa, Polşa Ukraynaya "MiQ-29" qırıcı təyyarələrini verməyə hazırdır.
"Report" Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında danışıb.
"Əgər "MiQ"lərə hələ də ehtiyac varsa, Polşa bu təyyarələri elə indi verməyə hazırdır", - o qeyd edib.
Polşanın Baş naziri həmçinin Ukrayna üçün dəyəri təxminən 200 milyon Polşa zlotı (50 milyon ABŞ dolları) olan 48-ci yardım paketinin təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, bura əsasən zirehli texnika daxil olacaq.
"Prezident Zelenski ilə razılaşdıq ki, çevik yanaşmanı qoruyub saxlayacağıq. Zərurət yaranarsa, müəyyən razılaşmaları dəyişəcəyik, çünki biz aktual ehtiyaclara uyğun hərəkət etmək istəyirik. Mən bilirəm ki, Ukraynanın müxtəlif hava hücumundan müdafiə vasitələrinə, xüsusən də müəyyən növ sursat və raketlərə ehtiyacı var. Lakin biz hər məsələdə kömək edə bilmərik", – Baş naziri deyib.