Azərbaycan millisinin və "Turan" klubunun voleybolçusu Ayşən Abduləzimova "Report"un suallarını cavablandırıb. Yığmanın kapitanı Tovuz təmsilçisinin cari mövsümdəki hədəflərindən söz açıb. 32 yaşlı oyunçu bu il Avropa çempionatında yaxşı nəticə qazanmaq istədiklərini söyləyib.
- "Turan" debüt mövsümündə Yüksək Liqada hazırda liderdir. Komanda yoluna məğlubiyyətsiz davam edir. Uğurlu çıxışın əsas səbəbi nədir?
- Voleybol komanda idman növüdür və uğurlu çıxışın əsas səbəbi "Turan"ın məhz bir komanda kimi oynamasıdır. Əlbəttə, bu nəticələrdə təkcə oyunçularımızın deyil, məşqçilər heyətinin də əməyi var.
- Cari mövsüm çempionat başlayanda qarşınıza hansı hədəflər qoyulmuşdu?
- Mövsümün əvvəlindən qarşımıza bir məqsəd qoymuşuq: çempionluq. İnanıram ki, buna da nail olacağıq.
- "Turan"ın heyətində təcrübəli oyunçular var. Yüksək Liqadakı digər komandalar sizinlə rəqabət apara biləcək gücdədir?
- Yüksək Liqada güclü kollektivlər var. Biz hazırda çempionatda birinci yerdəyik. Bir neçə turdan sonra pley-off mərhələsi başlayacaq. Düşünürəm ki, bu mərhələdə oyunlar daha gərgin keçəcək.
- "Turan" ev oyunlarını Tovuzda keçirir. Bu şəhərdə voleybola maraq var?
- Ev oyunlarımız Tovuz Olimpiya İdman Kompleksində baş tutur və bu, çox böyük maraqla qarşılanır. Azarkeşlər heç vaxt zalda komandanı tək qoymurlar, oyun ərzində bizi dəstəkləyirlər. Bizə dəstək olan hər bir azarkeşə təşəkkürümü bildirirəm.
- Ötən il Macarıstanın "Vaşaş" klubundan ayrılaraq Azərbaycana qayıtdınız. Yerli çempionatın səviyyəsi barədə nə deyə bilərsiniz? Bu ölkələrin voleybolu arasında hansı fərqlər var?
- Macarıstanda çempionatın nə vaxt bitəcəyini, mərhələlərin hansı tarixlərdə olacağını mövsümün əvvəlindən bilirdik və bu, sonadək dəyişmirdi. Amma Azərbaycan çempionatında oyunların vaxtı və saatı istənilən an dəyişə bilir. Bundan əlavə, Macarıstanda daha çox yarışda iştirak edirdim. Ölkə çempionatı və kubokunda, Çempionlar Liqasında, MEVZA çempionatında və kubokunda mübarizə aparırdıq. Macarıstan çempionatında pley-off mərhələsində də oyunların sayı çox olurdu.
- Yenidən legioner həyatı yaşamağı planlaşdırırsınız?
- Hələ ki, növbəti mövsümlə bağlı düşünmürəm, bütün fikrimi çıxış etdiyim komandaya və qarşıdakı oyunlara cəmləmişəm. Dediyim kimi, çempionatın əsas oyunları hələ qarşıdadı. Hazırda mənim üçün daha vacib olan yaxşı oynayıb komandama qələbə qazanmağa kömək etməkdir. Legioner həyatı yaşamağa gəlincə, bu, təkliflərdən asılıdır.Uyğun və yaxşı şərtlər olarsa, əlbəttə, yenidən ölkə xaricində çıxış edərəm. Niyə də yox?
- Bu il Bakıda Avropa çempionatının qrup oyunları keçiriləcək. Yığma turnirdə nəyə nail ola bilər?
- Hamı kimi, biz də istərdik ki, belə yarışlarda qalib olaq. Bu il Avropa çempionatının qrup mərhələsindəki oyunlarımız Bakıda baş tutacaq. İnanıram ki, vətənimizdə, doğma azarkeşlər önündə qələbələr qazanıb maksimum yaxşı nəticə göstərəcəyik.

