Hər səhər uşağın məktəbə sanki ağır bir cəzaya gedirmiş kimi hazırlaşması valideynlər üçün əsl mübarizəyə çevrilir. Valideynlər baş sındırırlar axı məktəb inkişaf yeri olmalıdır, gündəlik stress mənbəyi yox.
Lent.az xəbər verir ki, məktəbə qarşı nifrət nadir hallarda qəfil yaranır. Bu hiss adətən sistemdəki xırda, gözə çarpmayan çatlar nəticəsində tədricən formalaşır. Birinci səbəb çox vaxt həddindən artıq yüklənmə olur. Tədris proqramı uşaqlardan elə bir temp tələb edir ki, bu temp onların yaş imkanlarına həmişə uyğun gəlmir. Uşaq dərslərə çatdıra bilmədikdə özünü “başqalarından zəif” hiss etməyə başlayır. Bu, onun özünə inamını zədələyir və daxili müqavimət yaradır.
İkinci amil sinifdaxili münasibətlərdir. Hətta bir sinif yoldaşı ilə yaşanan tək bir konflikt belə məktəbi qorxu mənbəyinə çevirə bilər. Psixoloqlar qeyd edirlər ki, uşaqlar bu cür problemlərdən nadir hallarda danışırlar. Onlar zəif görünməkdən və ya vəziyyətin daha da pisləşməsindən qorxurlar.
Üçüncü səbəb müəllimin tədris üslubudur. Əgər müəllim təzyiq göstərir, daim tənqid edir və ya fərdi xüsusiyyətləri nəzərə almırsa, uşaq məktəbi təhlükə kimi qəbul etməyə başlayır. Bəzən problem səhv etmək qorxusundan qaynaqlanır. Tez-tez başqaları ilə müqayisə olunan uşaqlar lövhə qarşısında cavab verməkdən çəkinir və dərslərdən yayınmağa çalışırlar. Mütəxəssislər ilk addım olaraq səmimi söhbətə başlamağı tövsiyə edirlər. Amma bu, sorğu-sual formasında deyil, uşağın özünü təhlükəsiz hiss etdiyi sakit bir mühitdə olmalıdır. İki həftə ərzində məktəb stresini tədricən azaltmaq mümkündür. Birinci addım evdəki təzyiqi aradan qaldırmaqdır. Valideynlər ideal qiymətlər tələb etməyi dayandırmalıdır. Dəstək nəzarətdən daha təsirlidir. İkinci addım gündəlik rejimi nizamlamaqdır. Kifayət qədər yuxu alan uşaqlar dərs yükü ilə daha asan mübarizə aparırlar. Üçüncü addım ən azı maraq oyadan bir fənni tapmaqdır. Bu, uşaq üçün dayaq nöqtəsi yaradır və ümumi gərginliyi azaldır. Uşaq üçün uğur hissi çox vacibdir. Hətta kiçik nailiyyətlər belə motivasiyanı geri qaytara bilər. Əgər problem münasibətlərlə bağlıdırsa, məktəb psixoloqunun dəstəyinə müraciət etmək lazımdır. Bəzən bir neçə görüş narahatlığı aradan qaldırmaq üçün kifayət edir. Uşaq məktəbin döyüş meydanı deyil, onu dinlədikləri bir məkan olduğunu dərk etdikdə münasibət dəyişir. Nifrət azalır, onun yerini isə sakitlik və güvən tutur.
Uşaq uşaqlar məktəbi niyə sevmir məktəb