Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti "Cyber Polygon" platformasının funksional və texniki imkanlarını təqdim edib.
"Report" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, Xidmət dövlət qurumlarının enerji sektoru əməkdaşları üçün təlim keçirib. Təlim NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramı çərçivəsində Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə birgə icra olunan "Cyber Polygon" layihəsi çərçivəsində təşkil edilib və "Enerji sektorunda kibertəhlükəsizliyə giriş və kiberpoliqon platformasının imkanları" mövzusuna həsr olunub.
Təlim zamanı enerji sektoru üçün məxsusi kibertəhdidlər beynəlxalq kiberqruplaşmaların həyata keçirdiyi və enerji infrastrukturlarına yönəlmiş hədəfli kiberhücumlara nümunələr təqdim edilib, enerji infrastrukturlarının təhlükəsizlik riskləri, kritik infrastrukturun mühafizəsinin əhəmiyyəti, dövlət əhəmiyyətli enerji obyektləri üçün təhlükəsizlik tələbləri və onların audit qaydaları barədə təqdimatlar olunub. Eləcə də, Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə ortaq layihə olan "Cyber Polygon" platformasının funksional və texniki imkanları təlim iştirakçılarına təqdim olunub. Kiberpoliqon platforması enerji sektorunun sahə üzrə mütəxəssisləri üçün Bakı Ali Neft Məktəbində qurulmuş "İnformasiya Təhlükəsizliyi Testləri" laboratoriyasında istifadəyə verilib.
Bu cür təlimlər enerji sektorunda fəaliyyət göstərən qurumların kiberinsidentlərə hazırlıq səviyyəsinin artırılmasına, real təhdid ssenariləri üzrə qərarvermə və koordinasiya bacarıqlarının inkişafına, eləcə də sahib olduqları kritik infrastrukturların təhlükəsizlik səviyyəsinin virtual mühitdə yoxlanılması ilə boşluqların aşkarlanmasına və nəticə etibarı ilə ölkə əhəmiyyətli enerji sektorunun informasiya təhlükəsizliyi dayanıqlılığının gücləndirilməsinə xidmət edir.





