Bu gün Əməkdar artist, unudulmaz sənətkar Hamlet Xanızadənin anım günüdür.
Lent.az Kulis.az-a istinadla "Atamın xatirəsi" layihəsində Aygün Xanızadə ilə müsahibəni təqdim edir.
- Hamlet Xanızadə necə ata idi?
- Çox mülayim, vətənpərvər insan idi. Uşaqla uşaq idi, böyüklə böyük. Bizə ata yox, dost olub. Məsləhətlərini heç vaxt əsirgəməzdi.
- Necə bir ailədə doğulmuşdu?
- Valideynləri həkim idi. Anası qadın xəstəxanasına işləyib. Atası da tibbi ekspertizada çalışırdı. Atam iki imtahan verib kəsilmişdi. Sonra da heç kimə deməmiş sənədlərini İncəsənət İnstitutuna vermişdi. Çünki nəsillərində incəsənətə meyil var idi. Bəxtiyar Xanızadə əmisi nəvəsi idi. Rəssamlar da var.
- Biz onu filmlərdə həmişə zəhmli görmüşük. Bəs evdə necə idi?
- Tam əksi. Onun heç vaxt şit rolu olmayıb. Həmişə sərt, zəhmli obrazları canlandırıb. Uşaq vaxtı “İblis”, “Topal Teymur” rollarından qorxurdum. Ailədə və qohumların arasında tamam başqa adam idi. Zarafatcıl, deyib-gülən, qonaqpərvər idi. Məsələn, Novruz bayramında mütləq bütün qohumlara baş çəkərdi.
- Bir növ, məclis adamı idi?
- İnanırsınız, atamın vəfatından sonra hər şeyin işığı söndü sanki. Nə o get-gəllər qaldı, nə də əlaqələr. Çoxu ilə bu gün əlaqəmiz yoxdur.
- Sənət dünyasında dostları kimlər idi?
- Heydər Əliyev teatrın 100 illiyi münasibətilə teatr işçilərinə mənzillər vermişdi. O evlərdən biri də bizim ev idi. Amaliya Pənahova, Bürcəli Əsgərov, Ramiz Məlik bizim blokda qalırdılar. Evdə məclis olanda hamısı gəlirdi. Hamımız bir yerdə böyümüşük. Yaşar Nuri və Səməndər Rzayev də yaxın dostları idilər. Fuad Poladov axırıncı günə qədər yanında idi.
- Ötən əsrdə ailələr adətən valideynlərin birgə razılığı ilə qurulurdu. Hamlet bəylə ananız necə tanış olmuşdu?
- Nənəmgil Sovetskidə yaşayırdı. Onlarla üzbəüz binada da aktyor Kamal Xudaverdiyev qalırdı. Atam tez-tez onlara gedib-gəlirdi. Orda bir gün eyvandan anamı görmüşdü, bəyənmişdi. Elçi gələndə məlum olub ki, qızın, yəni anamın anası ilə atamın anası eyni yerdə işləyib. Bu da evlənməklərinə kömək oldu. Həm də bir-birlərini çox sevirdilər.
- Deyilənə görə sözü üzə deyən adam olub. Bu onun həyatında problemlər yaratmamış olmaz.
- Heç vaxt heç kimin arxasınca danışmazdı. Haqq-ədaləti həmişə üstün tutardı. Bəzən bunlara görə çox əsəbiləşirdi. Bu xasiyyəti ona ailədə yox, ancaq evdə çox problem yaradıb. Atamı “Nəsimi” filminin kastinqinə çağırmışdılar. Kastinqdən keçmişdi. Nəsimi rolunda şəkilləri də qalıb. Çox oxşayırdı. Sonra nə oldusa o rolu atamdan alıb Rasim Balayevə verdilər.
- Özünün arzusunda olduğu rol var idi?
- Ən böyük arzusu İblisi oynamaq idi, oynadı. Hamleti də oynamaq istəyirdi. İblisi oynadığı ərəfələrdə o rolla yaşayırdı.
- Evdə məşq edirdi?
- Bəli. Kabinetində öz üzərində işləyirdi. Boş vaxtında kitab oxuyurdu, dialoq əzbərləyirdi. Ümumiyyətlə, çox az yatırdı. Duran kimi də məşqlərə başlayırdı.
- Onu daha çox nə özündən çıxara bilərdi?
- Haqsızlıq. Həmişə də o işin axırına gedib çıxırdı. Dostlarının da arasında nələrində mübahisəsi gedirdi. Amma həmişə öz fikrini yeridirdi ki, elə yox, belə olmalıdır. Uşaq vaxt çox şeyi başa düşmürdük, böyüyəndə gördük ki, nə qədər haqlı imiş.
- Ona hansınız daha çox bənzəyirsiniz? Siz, yoxsa bacınız?
- Deyilənə görə, mən daha çox oxşayıram. Ancaq bacımla daha çox ünsiyyət qururdu. Çünki mənə böyük kimi yanaşırdı.
- Aktyorlar daha çox səfərlərdə olur. Sizə vaxt ayıra bilirdi?
- Biz o səfərlərin çoxuna bir yerdə getmişik. Məsələn, Zaqatalada çəkilişlər olanda bizi də özü ilə aparmışdı. Şəkillərimiz indi də durur. Ondan başqa da çəkilişlərə məni aparırdı. Növxanı bağlarında bir film çəkilirdi. Mən də getmişdim. Ancaq hansı film olduğu yadımda qalmayıb. Teatra da tez-tez aparırdı.
- Dövrün ən məşhur aktyorlarından idi. Küçədə gəzəndə tez-tez yaxınlaşırdılar.
- Bəli. Şəkil çəkdirmək sonradan çıxdı, ancaq mütləq hamı yaxınlaşırdı. Mən də fəxr eləyirdim ki, atamı hamı tanıyır. 1 May və 9 May paradlarına bizi də aparırdı. Orda insanlar gözləyirdlər ki, atam çıxış eləyib qurtarsın, yaxınlaşsınlar. Yadımdadır, “İblis”dən sonra teatrın çıxışında onu xeyli adam gözləyirdi. Rəhmətə gedəndən sonra kabinetinə əl gəzdirəndə oradan çoxlu məktub tapdıq. Sevgi məktubları da var idi aralarında.
- Saxlamısınız?
- Bəli. O məktubları yazanların arasında elə adamlar var ki, sağdırlar.
- Özünün qadınlara münasibəti necə idi?
- İndi də eşidirəm ki, atam üçün qadınların ürəyi gedib. Dostluq da eləyiblər. Ancaq atam anamı çox istəyirdi. Ona görə də qarşılıq verməyib. Flora Kərimova atamı sevirdi. Ancaq bilirəm ki, atam Flora xanımla dost olub. Əminə Yusifqızı ilə dostluq ediblər. “Qətl günü”filminin rejissoru Gülbəniz Əzimzadə ilə də dost olublar.
- Bəs ananızın münasibəti necə idi?
- Başqaları həmişə deyirdi ki, Nailə, necə belə sadə yanaşa bilirsən? O da deyirdi ki, mən ərə gedəndə bilirdim ki, aktyora ərə gedirəm. Bunların hamısına hazır idim.
- Bəs Hamlet bəy necə, qısqanc idi?
- Çox. Bir dəfə toyların birində bir nəfər anamla oynamaq istəyib. Atam durub deyib ki, bu xanım ancaq mənimlə oynaya bilər. Qısqanc idi, ancaq dəlilik səviyyəsində yox.
- Ananız işləyirdi?
- Anam Moskvada təhsil alıb. Onda evli idilər. Mən də var idim. Ancaq mənə nənəm baxıb. Atam tamaşadan çıxan kimi bilet alıb Moskvaya, anamın yanına gedirdi. 2-3 gün qalıb təzədən qayıdırdı. Təhsilini bitirəndən sonra ikinci övladı oldu deyə işləyə bilmədi. Atam ölümündə 8-9 ay əvvəl dedi ki, gəl səni bir işə düzəldim. Anam da dedi ki, neçə ildir işləmirəm, bəlkə, bacarmadım. Atam da dedi ki, burda məktəb direktorunu tanıyıram, danışım orada müəllim kimi işlə. Əmək müəllimi düzəltdilər. Anam neçə il orada işlədi. Atam ölümündən qabaq ona da şərait yaratdı.
- Ömrünü teatra həsr eləmişdi. Sizcə, ona niyə ad vermədilər?
- “İblis” tamaşasında sonra evə gəlib dedi ki, ad verəcəklər. Artıq Əməkdar artist idi. Ancaq vermədilər. Atam bərk incidi. Nəsə oldu və teatrdan getdi. O, heç vaxt öz xoşu ilə teatrdan ayrılmazdı.
- O, “İblis”də Həsən Turabovun dublyoru idi.
- İkisi də bir-birinin dublyoru idi. Premyerada Həsən Turabov oynamışdı. Nazirlikdə Turabovun da oyununa baxmışdılar, atamın da. Eşitdiyimə görə, atam oynayandan sonra çox bəyəniblər. Həsən Turabov təkcə premyerada oynayıb, qalan hamısında atam oynayıb.
- Onların bir-birinə münasibəti necə idi?
- Dost deyildilər. Çünki rəqabət mane olurdu.
- Axırıncı filmi “Qətl günü” olub. Deyilənə görə, çəkiliş zamanı qəzaya düşüb.
- Hansısa rayona getmişdilər. Atam, Fuad Poladov və Nəsir Sadıqzadə. Maşını atam sürürdü. Yola çınqıl tökmüşdülər. Nişan-filan da vurmamışdılar. Gedib çınqıllığa girmişdi. Atamın çənəsi iki yerdən sınmışdı. Kinoda da üzü şişdi. Demişdilər ki, sən gərək xeyli müddət işləməyəsən. Ancaq qısa müddətdən sonra çəkilişə getdi. Ancaq dublyajı Fuad Poladov elədi.
- Atanızın ən çox sevdiyiniz rolları hansılar olub?
- Teatrda “İblis” və “Dəli yığıncağı” tamaşalarındakı rollarını çox sevirəm. Kinoda “Arxandan vurulan zərbə” filmindəki İmaş rolu çox maraqlıdır. Orada elə bi özünü oynayıb. Bir də “İmtahan” filmindəki rolu. Orda da özüdür.
- Sizin bu sahəyə gəlməyinizi istəyirdi.
- Xeyr. Həmişə deyirdi ki, mənim qızlarımın ikisi də həkim olacaq. Incəsənətin çətinliyini bilirdi. Deyirdi, mən istəmirəm ki, mən keçən yolları qızlarım da keçsin. Atama həmişə deyirdilər ki, iki qızınız var, oğul istəyərdiniz? O da deyirdi ki, mənim iki qızım iki oğula dəyər. Bizi elə oğlan kimi böyüdüb. Atam 1990-cı ildə vəfat etdi. 1991-ci ildə mən İncəsənət Universitetinə daxil oldum. Temuçin Əfəndiyev anamı qəbul etdi. Dedi ki, sənin qızların bizim qızlarımızdır. Gətirin, oxusunlar. Onda da menecer fakültəsi təzə açılmışdı. Fakültədə 6 nəfər idik. Məni də ora saldılar.
- Sağlığında incəsənətə meylinizndən xəbərdar idi?
- Yox, yox. Heç bizim də ağlımızdan keçmirdi.
- Onun ölümünə, doğrudan, 20 Yanvar hadisələri səbəb olub?
- Deməli, atamla Bürcəli Əsgərov bizim evdə oturub nərd oynayırdılar. Bir də atışmalar, qaraqışqırıq başladı. Biz hələ bilmirdik nə məsələdi. Hamımız eyvana çıxdıq. Güllə səslərindən qulaq tutulurdu. Atamla Bürcəli müəllim küçəyə çıxdılar. Üzü 28 Maya sarı getdilər. Səhərəcən gəlmədilər. Gözümüzə yuxu getmədi. Atam səhərə yaxın gəldi. Sifəti qapqara, gözləri qıpqırmızı idi. Dedi ki, milləti qırırlar. Anamla otağa keçib xeyli söhbətləşdilər. Çıxıb dedi ki, bu gündən televizora baxdı yoxdur. Toy-filan olsa da, getməyəcəyik. Ölkədə matəmdir.
Çox ürəyinə saldı. Hər şeyi dərindən hiss eləyirdi. Sonra 21-dən onlarla hər gün meyit yığırdılar. Analar bizə gəlib deyirdilər ki, oğlumu tapa bilmirəm. Atam ona qoşulub morqları gəzirdi. Evə gələndə çox halsız olurdu. Çox əsəbi olduğuna görə söz də soruşa bilmirdik.
Bir müddət sonra başağrıları başladı. Dedilər ki, işə çıxma, özünə gəl. Hər gün ağlayırdı. Millətə yazığı gəlirdi.
Səhər şəhid basdırmağa getmişdilər. Orada halı pisləşdi, başını tutdu. Dostları götürüb evə gəlmişdilər. Bürcəli Əsgərovun oğlu ürək həkimi idi. O baxıb dedi ki, vəziyyəti pisdir, xəstəxanaya aparmaq lazımdır. Apardıq. Orada dedilər ki, beyninə qan sızıb. Biz balaca idik deyə, getməmişdik, amma qalan hamı orada idi. Anamı evə göndərdilər ki, biz buradayıq. Səhər bibimlə əmim gəlib dedi ki, ata rəhmətə gedib.
- Bu hadisələrdən əvvəl səhhətində problem var idi?
- Yox, heç nəyi yox idi. Özünə baxırdı. İdman eləyirdi. Yoqa ilə məşğul olurdu, həyətdə qaçırdı. Az yatırdı, tez dururdu. Çox yemirdi, özünü həmişə formada saxlayırdı. Ancaq çox emosional idi. Hardasa düzgün olmayan nəsə görürdüsə, tez reaksiya verirdi.
- Axırıncı söhbətinizi necə xatırlayırsınız?
- Xatılamıram. Çünki biz 20 Yanvardan ta ölən günə qədər, demək olar ki, danışmırdıq. Evdə kəlmə kəsmirdi. Bir hadisə yadımdadır. Onu evə gətirəndə yaxınlaşıb soruşdum, ata, sənə nə olub? Sonra da əlindən tutdum. Əlimi bərk-bərk sıxdı. Sonra gəlib xəstəxanaya apardılar. Çünki danışmırdı, beyni də sönmüşdü.
- O, məcburi köçkün ailələrinə də çox kömək edib.
- O vaxt bizim yaşadığımız yerə “Ermənikənd” deyirdilər. Sumqayıt hadisələrindən sonra onlar yavaş-yavaş köçməyə başladılar. Bir dəfə atam işdən gələndə blokda səs-küyü eşidib, maraqlanıb, deyiblər ki, ermənilər köçür. Ana qızları ilə birgə yaşayırdı. Atam onlara kömək elədi, aşağı düşürdüb yola saldı. Sonra onların yerinə məcburi köçkünlər yerləşməyə başladı. Bizim qonşuluğumuzda bir ailə yaşayırdı. Mağaza, market-filan bilmirdilər. Qorxularından qapılarını bağlayıb gizlənirdilər. Atam onlarla ünsiyyət qurmağa başladı. Evdə yemək bişiriləndə atam deyirdi ki, üç qab artıq elə, onlara da verək. Evə nə alırdısa, onlara da verirdi. Beləcə dostluğumuz başladı. Bu gün də davam edir. Kimin xəstə olduğunu eşidirdi, qaçırdı evinə. Yolda dərman, mer-meyvə alıb aparırdı.
- Atanızın ölümündən sonra qohumlarınızla aranız soyudu sanki...
- Atamın vəfatından sonra bibimlə əmim uzaqlaşdılar. Biz də uşaq idik. Anam da ancaq işə gedib-gəlirdi. Heç kimlə ünsiyyət qurmurdu. Bizə ana tərəfimiz kömək elədi. Bir əlləri bizdə idi. Çünki anamın maaşı ilə dolana bilməzdik.
- Bəs onlar sizə qarşı niyə soyuq idi?
- Bilmirəm. Deyim ki, söz-söhbət olub, yox, olmayıb. Atamın sağlığında həmişə gediş-gəliş olub. Anam atamın qırxında dedi ki, Hamlet rəhmətə gedəndən sonra onların hamısı mənim üçün öldü. Düzdü, biz böyüyəndən sonra yaxınlıq eləmək istədilər, ancaq heç birimiz yaxın düşmədik. Vaxtında lazım idi. Atam vəfat edəndə bizim evdə təmir işləri gedir. Hər tərəf daş, qum idi. Öz proyekti var idi. Deyirdi ki, ev tikəcəm. Yas vaxtı da ev yarımçıq idi. Bizi elə bir vəziyyətdə tək qoydular, çəkilib durdular qıraqda. Anam da özünü sındırmadı. Yaxşı ki, ana tərəfimiz bizə əl uzatdı.
- Bəxtiyar Xanızadəni də sənətə atanız gətirib.
- Bəli. O, çox özünə qapalı insandır. Ünsiyyətə, oturub-durmağa meyilli deyil. Pantomima Teatrına gedəndə öpüşüb-görüşür, hal-əhval tutur. Ancaq başqa ünsiyyət yoxdur.
- Atanızın vəfatından sonrakı dövr necə keçdi?
- Çox ağır. Ən çox anamıza çətin idi. Həyatını sıfırdan başlamalı idi. 40 yaşı var idi, cavan gəlin idi. Bizi də oğlan kimi yetişdirmişdi, ona görə də ayaqlarımızn üzərində dura bildik. Sənətəkalrın ailəsi sonradan parçalanır, ancaq bizim ailəmiz bir oldu. Bunun da ən böyük səbəbkarı anamız oldu. O bizi yumruq kimi birləşdirdi.
- Yuxularınıza girir?
- Bəli. Əvvəllər lap tez-tez girərdi. Sınamışıq, nə vaxt biz onu yuxuda görürük, mütləq bir xeyir iş olur. Onu yuxuda görəndə sevinirik ki, xoş nələrsə oacaq. Çox vaxt açıq-aydın görmürək, kölgə kimi qabağımdan keçib gedir. Atamın qırxı çıxmamış məcburi köçkün olan qonşumuz bizə gəlib dedi ki, ay Nailə, Hamleti yuxuda görmüşəm, mənə çörək verib deyir ki, bunu Nailəyə verərsən. Anam da ağladı. Atamda bir xasiyyət var idi, pulunu alıb ya pencəyinin cibində, ya da kitabın arasında gizlədərdi. Nə vaxt pul lazım oldu, hardan gəldi pul çıxarıb verirdi. Atam rəhmətə gedəndən sonra biz pul tapmadıq. Sözün düzü, heç o hayda da deyildik, çünki onda ehtiyac yox idi. Qonşumuz yuxusunu danışandan sonra nənəm dedi ki, ay Nailə, Hamletin paltarlarını evdən çıxaraq, saxlamaq olmaz. Atamın da geniş qarderobu var idi. Anam əşyalarını yığışdıranda şalvarını dal cibi ağırlıqdan arxaya düşdü. Cibi açıb baxıb ki, xeyli pul var. Sən demə, orada gizlədirmiş. Belə yuxu əyan oldu. Həmin çörək elə bu pul imiş. Mənə hansısa kitab lazım olub, açıb baxmışam ki, içində iyirmibeşlik, ya əllilik.
- Deyirlər ki, bir qadın atanızın məzarına gəlib gül qoyurdu. Sonradan maraqlandınız o qadının kimliyi ilə?
- Maraqlandıq. Atam Şağanda köhnə qəbiristanlıqda basdırılıb. Başdaşlarının hamısı əyridir. Çoxu çöküb, ancaq ucu görünür. Ora gedəndə biz molla tapa bilmirik. Hamısı qaçır təzə qəbiristanlığa. Əvvəllər tez-tez gedərdik. Hər dəfə də gedib görürdük ki, güllər var. Orada da qəbiristanlıqlar üzbəüz evlər var. Ordakılardan soruşduq, dedilər ki, bir hündürboy qadın gəlir, gül qoyur, çıxıb gedir. Orada bala bir mağaza var. Oranın da satıcısından soruşduq. O da həmin şeyi dedi. Bu, neçə il davam elədi. Sonra qəfildən yox oldu. Bilmirəm, vəfat elədi, ya necəsə gələ bilmədi.
- Nə qədər çəkdi?
- Hardasa 10 il.
- Bu gün Hamlet Xanızadəyə olan maraq, diqqət sizi qane edir?
- Mən hər gün teatra gələndə elə bilirəm ki, öz evimə gəlmişəm. Teatrın öz spesifik qoxusu olur. O mənim burnuma dəyən kimi bütün uşaqlıq xatirələrim canlanır. Yaşlı nəslin aktyorlarının hamısı mənə “qızım” deyir. Çoxu ilə ailəvi dost olmuşuq.
- Atanız buradan incik getmişdi. Siz necə oldu ki, bura gəldiniz?
- Rəhmətlik Azərpaşa Nemətovla atam dost idi. Azər müəllim təzə təyin olunmuşdu. Anamla danışmışdı. Onun həyat yoldaşının qohumu bizim binada yaşayırdı. Tez-tez görüşürdük. Bir gün anama dedi ki, mən teatrdayam, özümə menecer axtarıram. Qızlar nə işlə məşğuldurlar? Menecerliyi bitirəndən sonra deyib ki, gəlib işləsin. Nəticədə, 11 ildir ki, burdayam.
- Atanızla intriqası olan adamlar siz burada işləməyə başlayanda sizinlə də intriqa aparmağa başladılar?
- İstədilər, ancaq bacarmadılar.
- Hazırda da o adamla burada işləyirsiniz?
- Bəli. Amma başqaları ilə bir ailə kimiyik.
- Atanızla bağlı ürəyinizdə qalan arzularınız oldu?
- Kaş ailə quranda yanımda olaydı.
Hamlet Xanızadə Aygün Xanızadə


