IMG-LOGO

Azərbaycan Qış Olimpiya Oyunlarında - İtaliyada səkkizinci cəhd - ARAŞDIRMA

03 Feb 2026 12:55 4 baxış
IMG

Azərbaycan indiyədək 7 dəfə Qış Olimpiya Oyunlarında təmsil olunub.

"Report"un araşdırmasına görə, ölkə ilk dəfə 1998-ci ildə bu nüfuzlu yarışda debüt edib.

Yaponiyanın Naqano şəhərində təşkil olunan XVIII Qış Olimpiya Oyunlarında 4 idmançımız mübarizə aparıb. Fiqurlu konkisürənlərdən İqor Paşkeviçlə Yulia Vorobyova fərdi yarışda 16-cı, İnqa Rodionova - Aleksandr Aniçenko dueti isə 18-ci yeri tutub.

2002-ci ildə gerçəkləşən turnirdə də 4 nəfər çıxış edib. Dağ xizəyi yarışında təmsilçimiz Elbrus İsakov finişə çata bilməyib. Fiqurlu konkisürən Sergey Rılov 24-cü olubsa, Kristin Freyzer - İqor Lukanin cütlüyü buz üzərində rəqsdə 17-ci pillə ilə kifayətlənib.

2006-cı ildəki yubiley - XX qış olimpiadası İtaliyanın Turin şəhərində təşkil edilib. Bu dəfə Azərbaycan iki idmançı ilə təmsil olunub. Kristin Freyzer - İqor Lukanin tandemi buz üzərində rəqsdə bu dəfə 19-cu yeri tutub.

Növbəti, 2010-cu ilin Qış Olimpiya Oyunları Kanadanın Vankuver şəhərində keçirilib. Bu dəfə dağ xizəyində kişilərdən Sedrik Nots, qadınlardan Qayya Bassani Antivari mübarizə aparıb. S.Nots qiqant slalom üzrə 72-ci, Q.B.Antivari isə 57-ci olub. Onlar həmçinin slalom üzrə yarışda finişə çata bilməyiblər.

2014-cü ildə Rusiyanın Soçi şəhərində baş tutan yarışda Azərbaycanın 4 idmançısı çıxış edib. Dağ xizəkçilərindən Patrik Brahner qiqant slalomda 53-cü sırada qərarlaşıbsa, slalomda finişə çatmayıb. Qayya Bassani Antivari isə bu dəfə də slalomda finişi görməyib. Fiqurlu konkisürənlərdən Yuliya Zlobina - Aleksey Sitnikov cütlüyü 12-ci olub.

2018-ci ildə XXIII olimpiada Cənubi Koreyanın Pxençxanq şəhərində baş tutub. Həmin ildə Patrik Brahnerə slalomda finişə çatmaq qismət olmayıb.

Nəhayət, 2022-ci ildə Çinin paytaxtı Pekində gerçəkləşən Qış Olimpiya Oyunlarında fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova bacarıqlarını göstəriblər. Onlar müvafiq olaraq 18 və 15-ci pillədə qərarlaşıblar.

Qeyd edək ki, İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində keçiriləcək XXV Qış Olimpiya Oyunları sabah körlinq yarışı ilə start götürəcək. Açılış mərasimi fevralın 6-da, bağlanış isə 22-də gerçəkləşəcək.

Azərbaycanı dağ xizəyində Anastasiya Papatoma, fiqurlu konkisürmədə Vladimir Litvintsev təmsil edəcəklər. Fiqurlu konkisürmədə mübarizəyə fevralın 6-da start veriləcək, dağ xizəyi yarışları isə bir gün sonra başlayacaq. Gender bərabərliyinə əsasən açılış və bağlanış mərasimində Azərbaycan bayrağını hər iki idmançı daşıyacaq.

Xəbər lenti