IMG-LOGO

Dövlət Xidməti: BANM-ın yeni laboratoriyasında təhlükəsizlik testləri aparılacaq

03 Feb 2026 11:43 6 baxış
IMG

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbində (BANM) açılışı olmuş "İnformasiya Təhlükəsizliyi Testləri" laboratoriyasında dövlət qurumlarına məxsus sistemlərin və müxtəlif rəqəmsal həllərin təhlükəsizlik testləri aparılacaq.

Bunu "Report"a açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov bildirib.

Onun sözlərinə görə, yeni mərkəz həm proqram təminatlarının, həm də xüsusi avadanlıqların informasiya təhlükəsizliyi baxımından yoxlanılmasına imkan yaradacaq: "Yeni laboratoriyada dövlət sistemlərinin təhlükəsizlik testləri aparılacaq. Eyni zamanda proqramlar və avadanlıqlar real ssenarilər əsasında sınaqdan keçiriləcək və mümkün risklər əvvəlcədən müəyyən ediləcək".

T.Məmmədov qeyd edib ki, laboratoriyanın əsas hədəflərindən biri də peşəkar kadr potensialının formalaşdırılmasıdır: "Tələbələr burada nəzəri biliklərlə yanaşı, real praktiki mühitdə təhlükəsizlik testlərinin aparılmasını öyrənəcəklər. Ölkəmizdə rəqəmsallaşma prosesinin sürətlənməsi, yeni informasiya resurslarının və milli platformaların yaradılması bu sahədə ixtisaslaşmış mütəxəssislərə tələbatı artırır. Bu səbəbdən universitet bazasında xüsusi təlim və praktika imkanlarının təşkil edilməsi vacib hesab olunur".

Onun sözlərinə görə, laboratoriya üçün tələb olunan xüsusi qurğular xaricdən gətirilib, bir neçə mərhələdə tədarük edilib.

"İnformasiya təhlükəsizliyi spesifik sahə olduğundan bu istiqamətdə dar ixtisaslı mütəxəssislərin hazırlanması prioritetdir. Yeni laboratoriyanın fəaliyyətə başlaması həm dövlət qurumlarının kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə, həm də yerli mütəxəssis bazasının genişlənməsinə töhfə verəcək", - deyə T.Məmmədov əlavə edib.

Xəbər lenti