Skandinaviya ölkələrinin sakinləri artıq əsrlərdir ki, saunanın sağlam həyat tərzinin ayrılmaz hissəsi olduğunu bilirlər. Saunada vaxt keçirmək ürək-damar sağlamlığını yaxşılaşdırır, stressi azaldır, ağrıları yüngülləşdirir, əzələlərin bərpasını sürətləndirir və tənəffüs sisteminin fəaliyyətinə müsbət təsir göstərir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, fin əsilli anaya sahib olan spa həvəskarı Alisa Pridl bildirir ki, saunaya uşaqlıqdan gedir: “Əsas təsir məhz kontrastdadır, stilik və buxardan sonra gölə tullanmaq və ya qarda yuvarlanmaq qan dövranını stimullaşdırır, məsamələri təmizləyir və insanı möhtəşəm hiss etdirir. Bundan sonra körpə kimi yatırsan. Anamı nümunə götürsək, o 93 yaşında olsa da, 70 yaşlı biri kimi görünür. Saunalar bu günə qədər sosial həyatımın əsas hissəsidir”.
Qeyd olunur ki, saunalar təkcə adi insanlar arasında deyil, idmançılar arasında da geniş istifadə olunur və məşq proqramlarının bir hissəsinə çevrilib.
Aston Martin Aramco Formula One Teamin osteopatı Henri Hove bu mövzu ilə bağlı deyib: “Çox ağır bir məşqdən sonra saunaya girə bilərsiniz və bu zaman orqanizm müxtəlif reaksiyalar verir. Bu proses qanın tərkibinə təsir edir və məşqdən əlavə üstünlüklər qazandırır”.
Mütəxəssislər vurğulayırlar ki, sauna universal vasitə deyil, çünki onların ölçüsü və istilik mənbəyi fərqli olur. Ənənəvi fin saunaları (quru istilik və ya buxar), infraqırmızı saunalar (şüa istiliyi) və türk hamamları mövcuddur. Hamamlarda bəzən qonaqların budaqlarla yelpikləndiyi xüsusi ritual da tətbiq olunur.
Bu fərqlər müxtəlif bioloji reaksiyalara səbəb olur. Məsələn, yüksək temperaturu olan fin saunaları güclü tərləməyə gətirib çıxarır. İnfraqırmızı saunalar isə nisbətən sərin olur və seansların daha uzun davam etməsinə imkan verir. Hamamlarda isə yüksək rütubət istiliyi daha güclü hiss etdirir.
sauna