IMG-LOGO

ABA: Bazel III bəzi sahələr üzrə kreditləşmədə risk iştahasını müvəqqəti olaraq azalda bilər - MÜSAHİBƏ

09 Jan 2026 10:56 7 baxış
IMG

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin ötən il dekabrın 16-da qəbul etdiyi qərarla "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"nda mühüm dəyişikliklər edilib. Bu dəyişikliklər bank kapitalının strukturu, kapital adekvatlığı əmsalları, kapital buferləri və digər əsas tənzimləmələrin Bazel III standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur.

Yeni kapital arxitekturasına uyğunlaşma, bankdaxili qayda və prosedurların yenilənməsi, eləcə də sektor üzrə zəruri təlimlərin təşkili və yeni yanaşmaların prudensial hesabatlığa inteqrasiyası üçün banklara birillik keçid dövrü tanınıb. Beləliklə, yeni tələblərə 1 yanvar 2027-ci ildən etibarən tam əməl olunması məcburi olacaq.

"Report"a müsahibəsində Azərbaycan Banklar Assosiasiyasının Ekspert Qrupunun üzvü Səbuhi Həmidli Bazel III standartlarının tətbiqinin bank sektoru üçün yaratdığı imkanlar və mümkün çətinliklər barədə danışıb.

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- Bazel III standartlarına uyğunlaşma bank sektorunun maliyyə dayanıqlılığı baxımından hansı əsas üstünlükləri formalaşdırır? Bu dəyişikliklər bankların risklərə davamlılığını necə gücləndirir?

- Bu dəyişikliklərin əsas üstünlüyü ondan ibarətdir ki, bank kapitalı üzrə prudensial çərçivə beynəlxalq "best practice" hesab edilən Bazel III məntiqinə uyğunlaşdırılır. Nəticədə bankların risklərə qarşı dayanıqlığı daha möhkəm təməl üzərində qurulur. Kapitalın strukturu və adekvatlığının hesablanması gözlənilən itkilərdən əlavə gözlənilməyən itkiləri də qarşılaya bilmə potensialını artırır.

Risklərin daha düzgün qiymətləndirilməsi və kapitalın keyfiyyətinin yüksəlməsi şok dövrlərində bankların fəaliyyətinin davamlılığını gücləndirir, sektora olan etimadı artırır və maliyyə sabitliyini möhkəmləndirir. Eyni zamanda bu yanaşma banklarda daha qabaqlayıcı idarəetmə və risk mədəniyyətinin formalaşmasına stimul verir.

- Yeni kapital buferlərinin tətbiqi bankların gündəlik fəaliyyətinə və risklərin idarə olunmasına hansı praktiki təsirləri göstərəcək? Xüsusilə kreditləşmə və kapital planlaşdırması baxımından nə dəyişəcək?

- Yeni kapital buferləri banklarda kapital planlaşdırmasına daha ciddi intizam gətirir. Artıq qərarlar təkcə minimum kapital tələblərinə formal uyğunluqla deyil, həm də stress ssenariləri şəraitində buferlərin qorunması və kapitalın adekvat səviyyədə saxlanılması prizmasından qiymətləndiriləcək. Bu isə gündəlik risk idarəetməsində risk iştahasının daha dəqiq tənzimlənməsinə, portfelin risk profilinin isə daha yaxından izlənilməsinə şərait yaradır.

Kreditləşmə baxımından dəyişikliklər bankların kredit qərarlarında risk-kapital balansını daha sistemli şəkildə nəzərə almasını təşviq edəcək. Başqa sözlə, riskə uyğun qiymətləndirmə və tənzimləmə mexanizmləri güclənəcək. Kapital planlaşdırması sahəsində isə banklar kapital ehtiyaclarını daha əvvəlcədən proqnozlaşdıraraq mənfəətin kapitallaşdırılması, dividend siyasəti və kapital strukturuna dair qərarlarını daha düşünülmüş və uzunmüddətli yanaşma ilə formalaşdıracaqlar.

- Kapital adekvatlığı tələblərinin sərtləşdirilməsi real sektorun maliyyələşdirilməsinə mənfi təsir göstərə bilərmi, yoxsa əksinə uzunmüddətli fayda verəcək?

- Qısamüddətli perspektivdə banklar uyğunlaşma mərhələsində daha ehtiyatlı davranaraq bəzi sahələr üzrə kreditləşmədə risk iştahasını müvəqqəti olaraq azalda bilərlər. Bu, xüsusilə keçid dövrünün ilk mərhələlərində hiss oluna bilər. Lakin ümumi yanaşma uzunmüddətli baxışda müsbət nəticə verir: güclü kapital mövqeyi bankların iqtisadi dalğalanmalar və şoklar fonunda belə maliyyələşməni davam etdirməsinə imkan yaradır, kredit axınını daha stabil edir və kəskin daralma riskini azaldır.

Başlıca məqsəd kreditləşməni məhdudlaşdırmaq deyil, onu daha sağlam risk idarəetməsi və daha möhkəm kapital bazası üzərində dayanıqlı etməkdir. Bu isə real sektor üçün daha proqnozlaşdırıla bilən və davamlı maliyyələşmə mühiti deməkdir.

- Banklara verilən birillik keçid dövrü kifayət qədərdirmi və bu prosesdə bankların qarşılaşa biləcəyi əsas çətinliklər nələrdir? Mərkəzi Bank adaptasiya prosesində sektoru necə dəstəkləyəcək?

- Birillik keçid dövrü ümumən məqsədyönlü və praktik qərar kimi qiymətləndirilə bilər. Bu müddət banklara daxili qayda və prosedurların yenilənməsi, kapital alətlərinin yeni təsnifata uyğunlaşdırılması, prudensial hesabatlıq mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də insan kapitalı üzrə zəruri təlimlərin təşkili üçün kifayət qədər manevr imkanı yaradır.

Əsas çətinliklər adətən üç istiqamətdə cəmlənir: birincisi, daxili siyasət və metodologiyaların yenilənməsi; ikincisi, məlumat, IT və hesabatlılıq sistemlərinin yeni tələblərə uyğunlaşdırılması; üçüncüsü isə kapital planlaşdırılması və idarəetmə mexanizmlərinin Bazel III məntiqinə uyğun qurulmasıdır. Tənzimləyici dəstək baxımından isə Mərkəzi Bankın verdiyi keçid müddəti, prudensial hesabatlığa mərhələli inteqrasiya imkanları və banklarla davamlı kommunikasiya kanallarının açıq saxlanılması bu prosesdə həlledici rol oynayır.

- Bu prudensial çərçivənin tamamlanması Azərbaycanın bank sektorunun beynəlxalq investorlar və reytinq agentlikləri tərəfindən qiymətləndirilməsinə necə təsir göstərəcək?

- Bazel III standartlarına uyğunlaşma bank sektorunun prudensial çərçivəsini beynəlxalq "best practice" ilə daha uyğun və müqayisəolunan edir. Bu, investorlar və reytinq agentlikləri üçün kapitalın keyfiyyəti, risklərin ölçülməsi və dayanıqlılıq buferlərinin mövcudluğu baxımından qiymətləndirmə prosesini daha şəffaf və anlaşılan edir. Nəticədə prudensial siyasət və nəzarət mexanizmlərinin güclənməsi sektora olan etimadı artırır, bankların beynəlxalq maliyyə bazarlarına çıxış imkanlarını genişləndirir və maliyyələşmənin şərtlərini, o cümlədən risk mükafatını və borclanma dəyərini, orta müddətdə müsbət istiqamətdə dəstəkləyə bilər.

Ümumilikdə bu, Azərbaycanın bank sektorunun institusional dayanıqlılığının möhkəmlənməsi və beynəlxalq investorlar üçün cəlbediciliyinin artması baxımından mühüm siqnaldır.

- Bazel III hazırda hansı banklarda tətbiq olunur? Bütün banklar bu yanaşmanın tətbiqinə hazırdırmı?

- Bankların tənzimləyici kapital strukturunun Bazel III tələblərinə uyğunlaşdırılması məqsədilə "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"nda edilmiş dəyişikliklər hazırda heç bir banka tətbiq edilmir.

Qaydalardan irəli gələn yeni tələblər 1 yanvar 2027-ci il tarixindən qüvvəyə minəcək. Bu tarixədək banklara adaptasiya üçün keçid dövrü təqdim olunur və həmin müddətdə kapital mövqelərinin möhkəmləndirilməsi üçün şərait yaradılır.

Bununla yanaşı, dəyişikliklərin qüvvəyə minməsinədək banklar yeni qaydalara uyğun olaraq kapitalın, kapital adekvatlığı əmsallarının və kapital buferlərinin hesablanmasını aparmalı, müvafiq prudensial hesabat formalarını dolduraraq 2026-cı il ərzində Azərbaycan Mərkəzi Bankına təqdim etməlidirlər. Bu mərhələli yanaşma həm tənzimləyici, həm də bank sektoru üçün keçidi daha idarəolunan və risksiz edir.

Xəbər lenti